Erməni məktəblərində zorakılığa qarşı tədbir görülmür
Avropa Şurası monitorinqin nəticəsini açıqlayıb
“Hətta Azərbaycan-Ermənistan arasında sülh olsa belə ermənilərin türk millətinə qarşı düşmənliyi ortadan qalxmayacaq”
Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Komissiyası Ermənistanla bağlı monitorinqin nəticəsini açıqlayıb. Sənəddə bildirilib ki, Ermənistan məktəblərində nifrət nitqi, ayrı-seçkilik və zorakılığa qarşı tədbir görülmür. Həmçinin ölkənin siyasi və ictimai həyatında vaxtaşırı olaraq nifrət nitqi ilə bağlı insidentlərin, o cümlədən zorakılığa çağırış hallarının baş verdiyi də vurğulanıb.
Eyni zamanda Ermənistanda daxili bölünmələrə yol açmaq və sülh danışıqlarına əngəl törətmək məqsədilə siyasi opponentlərin qaralanması üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edildiyi bildirilib. Bununla yanaşı, Ermənistanda azərbaycanlı icmasının artıq mövcud olmadığı, ölkədə yaşayan və ya ziyarətə gələn türklərin isə sayının naməlum olduğu qeyd olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviter hesabında yazıb ki, hesabatın nəticəsi Ermənistanda dövlət səviyyəsində nifrətin və dözümsüzlüyün olduğunu bir daha sübuta yetirir.
Açıqlanan hesabatla bağlı "Sherg.az"a danışan millət vəkili Elman Məmmədov deyib ki, hətta Azərbaycan-Ermənistan arasında sülh olsa belə ermənilərin türk millətinə qarşı düşmənliyi ortadan qalxmayacaq. Deputat diqqətə çatdırıb ki, ermənilərin azərbaycanlılara olan nifrəti qısa zamanın məsələsi deyil:
"Neçə yüz ildir ki, ermənilər türklərə nifrət bəsləyir, irqi-dini ayrı-seçkiliklə məşğul olurlar. Erməni uşağı dərk etməyə, dil açmağa başlayanda onun qulağına deyilən ilk söz belə olur: - "Sənin düşmənin türkdür". Ermənilər türklərə qarşı düşmənliyi öz tarixi kitablarında, bədii ədəbiyyatlarında, çəkdikləri filmlərdə, apardıqları siyasətdə açıq formada tərənnüm etdirirlər. Nəticədə Ermənistan monoetnik bir cəmiyyətə çevrilib. Avropa Şurası kimi qurumlar bu reallığı çox gözəl bilirlər. O da yaxşı haldır ki, son dönəmlər bunu etiraf etmək cəsarətini də göstəriblər. İndi Qərb ölkələri Ermənistanla siyasətlərini də bu sənədlər üzərindən qurmalıdır. Əgər beynəlxalq təşkilatlar Ermənistan cəmiyyətində irqi ayrıseçkilik olduğunu etiraf edirsə, konfliktlərin kökünü də dərk etməli, tərəflərə münasibətdə obyektiv olmalıdırlar. Bir dövlətin konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapırsa, necə barışıq ola bilər?! Qardaş Türkiyə bu məsələdə çox diqqətli olmalı və ciddi tələblər ortaya qoymalıdır. Ermənistanın Azərbaycanla sülhə imza atması və ona sadiq qalması da mümkünsüzdür. Sülh heç vaxt olmayacaq. Erməni təxribatları və müharibələr o zaman sona çatacaq ki, Azərbaycan ərazisindən axırıncı erməni çıxıb getsin. Üç-beş nəfər erməni qalsa, problemlərimiz davamlı olacaq".
Parlament üzvü vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı düşmənliyi, gərginlik və qarşıdurma yaratmaq təşəbbüsləri tezliklə qurtarmayacaq:
"Hətta İrəvan sülh sənədinə imza atsa belə öz məkrli niyyətindən vaz keçməyəcək. Məsələ ondadır ki, təxribat və gərginlikdə həm Ermənistanın özü, həm də ermənilərdən alət kimi istifadə edən güc mərkəzləri maraqlıdır. Ermənistan Azərbaycanla sərhəddə ekologiyaya, təbiətə ziyan vuran metallurgiya zavodu tikir, ABŞ də öz bayrağının həmin zavodda asılmasına icazə verir. Bunun özü də təhriketmə məqsədi güdür. Tarix boyu böyük güclər erməni toplumundan öz maraqları naminə istifadə ediblər. ABŞ, Avropa ölkələri, Rusiya və İran da ermənilərdən məharətlə yararlanıb. Ona görə də hələlik gərginliyin bitməsindən, sülhdən, o cümlədən nifrətin azalmasından, ayrı-seçkiliyin aradan qalxmasından danışmaq çox tezdir".