Kalininqrad modeli Azərbaycanın strateji maraqlarına uyğun deyil - ŞƏRH

"TRIPP layihəsinin əsas üstünlüyü Naxçıvan ilə dayanıqlı quru nəqliyyat əlaqəsinin təmin edilməsidir"

ABŞ-nin vasitəçiliyi əsasında 2025-ci il avqustun 9-da Ermənistanla Azərbaycan arasında imzalanan birgə bəyannaməyə əsasən "Tramp Marşrutu" layihəsi ərsəyə gəldi. İkinci Qarabağ müharibəsi bitəndən bəri Azərbaycanla Ermənistan nəqliyyat yolu ilə bağlı heç cür ortaq məxrəcə gələ bilmirdi. Üçtərəfli bəyannamə Cənubi Qafqazda yeni strateji mərhələnin əsasını qoydu. Naxçıvan ilə Azərbaycanın əsas ərazisini Ermənistan üzərindən birləşdirəcək TRIPP layihəsi, ABŞ şirkətinə həvalə edilib.

Artıq "Tramp Marşrutu" Avropa ölkələrinin də maraq dairəsinə çevrilib. Litvanın xarici işlər nazirinin müavini Odra Plepite Kalininqrad məsələsində istifadə olunan tranzit təcrübəni TRIPP layihəsində də tətbiq olunmasını təklif edib. Diplomatın sözlərinə görə, bu sxem insanların və yüklərin təhlükəsiz hərəkətini təmin etməyə, eləcə də şəffaf yoxlama prosedurları ilə bağlı Azərbaycanın narahatlıqlarını aradan qaldırmağa xidmət edəcək.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Kalininqrad tranzit modeli Azərbaycanın strateji maraqlarına tam uyğun deyil:

“Sovet İttifaqının dağılmasından sonra Kalininqrad Rusiyanın əsas ərazisindən ayrı vəziyyətdə qaldığı üçün onunla quru əlaqə Litva ərazisi üzərindən mümkün olub. Bu səbəbdən Avropa Birliyi, Litva və Rusiya "Kalininqrad tranziti" adlandırılan sxem üzrə razılığa gəliblər. Modelə əsasən, Rusiya vətəndaşları Kalininqrada gedərkən və ya oradan qayıdarkən sadələşdirilmiş tranzit icazələri vasitəsilə Litvanın ərazisindən keçid edirlər. Lakin bu modelin Azərbaycan üçün uyğun tərəfləri olduğu kimi, uyğunsuz cəhətləri də mövcuddur. TRIPP layihəsinin əsas üstünlüyü Naxçıvan ilə dayanıqlı quru nəqliyyat əlaqəsinin təmin edilməsidir. Paşinyan TRIPP-in idarəçiliyi üzrə ABŞ-lə 49 və ya 99 illik icarə müddətini müzakirə edir”.  

Ekspertin sözlərinə görə, 49 il ərzində sərhəd keçidlərinin idarə olunması, gömrük prosedurları və nəzarət mexanizmlərini əhatə edən məsələlər tərəflər arasında gərginliyə səbəb ola bilər:

“Azərbaycan gələcəkdə yarana biləcək təhlükəsizlik çağırışlarını nəzərə alaraq, problemin həlli istiqamətində öncədən planlaşdırma aparmalıdır. Məhz buna görə Zəngəzur dəhlizinin açılması Azərbaycanın suveren nəzarəti və beynəlxalq standartlar çərçivəsində baş tutmalıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin reallaşdırılması 2026-cı ilin ikinci yarısında tikintinin başlayacağını bildirmişdi. Hazıda Azərbaycan gözləmə mərhələsindədir. Çünki layihə iyun ayında Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkilərinə və İran-ABŞ-İsrail arasında davam edən gərgin proseslərə görə ləngiyir. Fikrimcə, hüquqi-texniki problemlər aradan qaldırılan kimi tikinti işlərinə başlanılacaq”.