Ermənistan parlamentində bu dəfə siyasi müzakirələr deyil, türk mətbəxi gündəmə gəlib. Parlament sədrinin müavini Ruben Rubinyan Türkiyəyə səfəri zamanı dadına baxdığı yeməklərdən, xüsusilə də Adana kababından danışıb.
Sherg.az xəbər verir ki, son vaxtlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı açıqlamaları ilə diqqət çəkən Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan parlamentdə çıxışı zamanı Türkiyəyə səfəri barədə maraqlı fikirlər səsləndirib.
Rubinyan bildirib ki, Türkiyədə olduğu müddətdə türk mətbəxinin müxtəlif nümunələrini dadmaq imkanı əldə edib və ən çox Adana kababını bəyənib.
"Türkiyədə kabab yedim, Adana kababı. Çox xoşuma gəldi, dadı möhtəşəm idi", - deyə o bildirib.
Rubinyan çıxışı zamanı İskəndər kababından da bəhs edib. Onun sözlərinə görə, "İskəndər kababı sousla birlikdə tamam fərqli olur. Dadlı yeməklər üçün ora tez-tez gedərdim".
O, həmçinin Türkiyəyə səfərləri zamanı Erməni Patriarxlığını tez-tez ziyarət etdiyini bildirərək, "Patriarxlığa tez-tez gedirdim, çünki bu məni maraqlandırırdı", - deyə qeyd edib.
Rubinyanın çıxışı zamanı parlamentdəki bəzi deputatların təəccüblə onu dinlədiyi diqqət çəkib.
Türk mətbəxi son illər beynəlxalq aləmdə böyük maraq görür. UNESCO tərəfindən tanınan kulinariya irsi, zəngin regional mətbəxi və kabab, dönər, paxlava, İskəndər kimi məşhur təamları ilə Türkiyə mətbəxi dünyanın müxtəlif ölkələrində populyarlığını artırmaqda davam edir.