Tural İsmayılov: “İrəvanın hazırkı mövqeyi, KTMT-nin Ermənistanın milli maraqlarına xidmət etmədiyi qənaətinin dərinləşdiyini göstərir”
Ermənistanın son illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərində müşahidə olunan gərginlik yeni mərhələyə qədəm qoyur. İrəvanın təşkilatın fəaliyyətində faktiki iştirak etməməsi, üzvlük haqlarını ödəməməsi və KTMT-nin müxtəlif tədbirlərindən uzaq qalması Ermənistanın bu hərbi-siyasi blokdakı gələcəyi ilə bağlı sualları daha da artırıb. KTMT rəhbərliyinin son açıqlamaları göstərir ki, artıq təşkilat daxilində Ermənistanın statusu və hüquqları ilə bağlı məsələlər açıq şəkildə müzakirə olunur.
Baş katib Talatbek Masadıkovun sözlərinə görə, Ermənistan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalsa da, de-fakto təşkilatın fəaliyyətində iştirak etmir. Bu vəziyyət fonunda Ermənistanın KTMT-dən tam ayrılmasının mümkün nəticələri, həmçinin Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemində yaranan yeni reallıqlar diqqət mərkəzinə çıxır. Bəs İrəvanın bu siyasəti hansı səbəblərdən qaynaqlanır və KTMT ilə münasibətlərin gələcək taleyi necə görünür?

Politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirakını faktiki olaraq dondurması, rəsmi İrəvan ilə təşkilat arasında onsuz da gərgin olan münasibətləri dərin uçurum həddinə çatdırıb:
“İrəvanın yüksək səviyyəli görüşlərdə, hərbi təlimlərdə və birgə qərarların qəbulu prosesində iştirakdan imtina etməsi, KTMT-nin bölgədəki təsir imkanlarını məhdudlaşdırmaqla yanaşı, təşkilatın öz daxilində ciddi böhran əlamətləri yaradır. Ermənistan rəhbərliyi, xüsusilə 2020-ci il müharibəsi və sonrakı dövrdə təşkilatın öz kollektiv təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək, KTMT-nin effektivliyini açıq şəkildə sorğulayır. Bu addımlar təşkilatın funksionallığının itirilməsi kimi qiymətləndirilir və bir üzvün təşkilatın gündəliyindən kənara çıxması, KTMT-nin "birlik" görüntüsünə zərbə vurur”.
Analitik vurğulayıb ki, maliyyə öhdəliklərinin, xüsusən də üzvlük haqqının üç ildir ödənilməməsi hüquqi və siyasi baxımdan İrəvanın təşkilatdakı mövqeyini zəiflədir:
KTMT-nin nizamnaməsinə görə, üzvlük haqlarının ödənilməsi məcburi şərt olsa da, bu məsələnin siyasi müstəvidə istifadəsi daha çox diqqət çəkir. Ermənistan bu addımla sadəcə büdcəni deyil, həm də təşkilata olan inamsızlığını və siyasi iradəsizliyini nümayiş etdirir. Formal olaraq üzv dövlət statusu qorunsa da, maliyyə öhdəliklərindən imtina, təşkilatın qərar qəbuletmə mexanizmlərində İrəvanın rolunu minimuma endirir və gələcəkdə onu təşkilatdan kənarlaşdırılması və ya özünün könüllü çıxışı üçün hüquqi zəmin hazırlayan bir prosesə çevrilir.
Ermənistanın KTMT-dən tam çıxması ehtimalı hazırkı siyasi kurs fonunda yüksək olaraq qalır. İrəvanın xarici siyasətində Avropa İttifaqı və Qərbə inteqrasiya meyllərinin güclənməsi, təhlükəsizlik arxitekturasının şaxələndirilməsi cəhdləri KTMT-ni tədricən köhnəlmiş bir platforma kimi göstərir. Ermənistan hakimiyyəti üçün təşkilatdan çıxış, ilk növbədə, Rusiya ilə təhlükəsizlik sahəsindəki asılılığı azaltmaq üçün atılacaq simvolik və strateji bir addım kimi qəbul edilir. Hərçənd, bu prosesin birdəfəlik qırılma ilə deyil, tədricən və mərhələli şəkildə həyata keçirildiyi müşahidə olunur. İrəvanın hazırkı mövqeyi, KTMT-nin Ermənistanın milli maraqlarına xidmət etmədiyi qənaətinin dərinləşdiyini göstərir və təşkilatın strukturunda köklü dəyişikliklər baş verməyəcəyi təqdirdə, rəsmi çıxışın zaman məsələsi olduğu təəssüratını yaradır”.