Amma bu şərtlər yerinə yetirilməsə, münasibətlər normallaşmayacaq
Cənubi Qafqazda son illərdə baş verən geosiyasi dəyişikliklər region dövlətləri arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Xüsusilə Azərbaycan, Türkiyə və Ermənistan arasında normallaşma prosesinə dair müzakirələr regional sabitliyin və əməkdaşlığın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ermənistanın uzun illər davam edən siyasi və iqtisadi təcrid vəziyyəti, həmçinin dəyişən beynəlxalq və regional reallıqlar İrəvanı yeni siyasi yanaşmalar axtarmağa sövq edir. Bu fonda Ermənistanın xarici siyasət prioritetləri, Türkiyə ilə münasibətlərin normallaşması perspektivləri və bu prosesin qarşısında duran əsas maneələr yenidən gündəmə gəlir.
Bu kontekstdə Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyə və Ermənistan arasında dəmir yolunun mümkün qədər tez açılmasını gözlədiklərini deyib.
Beynəlxalq münasibətlər üzrə ekspert, Aksaray Universitetinin elmlər doktoru Samet Zenginoğlu Sherg.az-a Paşinyanın apardığı siyasətdən və Ermənistan-Türkiyə-Azərbaycan münasibətlərindən danışıb:
"Bu ay ərzində Ermənistanda keçirilən seçkilərdən sonra gündəmə gələn təhlillər baş nazir Paşinyanın Rusiyanın kölgəsindən uzaqlaşaraq Qərbə yönəlmiş siyasi yanaşma formalaşdırmağa çalışdığına dair fikirlərin yaranmasına səbəb olub. Çünki uzun müddətdir özünə qapanmış Ermənistanın davamlı və dayanıqlı gələcəyə malik olmadığı hər zaman məlum olan həqiqət olub. Şübhəsiz ki, tarixi və siyasi səbəblərə görə 1993-cü ildən etibarən iki ölkə arasında sərhədlərin bağlı olması da Ermənistan üçün ticarət və iqtisadi baxımdan mənfi nəticələr yaradıb. Bu amillər birlikdə nəzərə alındıqda, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar Ermənistan üçün zərurət halını alıb. Rubinyanın açıqlaması da bu zərurətin nəticəsidir".
Analitik iki ölkə arasında masada hər zaman mövcudluğunu qoruyan problemli sahələrin varlığının hələ də mövcud olduğunu söyləyib:
"Birincisi, Ermənistanın Azərbaycana yönəlik bütün açıqlamalarında və siyasətlərində köhnə və səhv vərdişlərindən əl çəkməsi lazımdır.
İkincisi, ABŞ mərkəzli erməni lobbilərinin Türkiyəyə qarşı hüquqi əsası olmayan reallıqdan, uzaq ittihamlarından və siyasətlərindən imtina etmələri gözlənilir.
Onların hər il əsassız iddialarla 1915-ci il məsələlərini gündəmə gətirməyi dayandırmaları gözlənilir".
Ekspert bildirib ki, bölgədə Türkiyə və Azərbaycanın çəkisi və əməkdaşlığının artması səbəbindən bu açıqlama eyni zamanda məğlubiyyətin qəbul edilməsidir:
"Qeyd etdiyim şərtlər ciddi şəkildə yerinə yetirilmədən münasibətlərin sağlam zəminə oturacağını gözləmək Ermənistan üçün xəyal olaraq qalmağa davam edəcək".