Hakan Fidanın Moskva səfərindən sonra Cənubi Qafqazdakı hadisələrin gedişatında müəyyən dəyişikliklər ola bilər
Türkiyə xarici işlər naziri Hakan Fidanın Moskvaya həyata keçirdiyi işgüzar səfər Ankara-Moskva xəttində diplomatik dialoqun intensivliyini və tərəflər arasında strateji kommunikasiya kanallarının davamlılığını nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.
Səfərin gündəliyində həm ikitərəfli münasibətlər, həm də regional və qlobal təhlükəsizlik məsələlərinin yer alması bu görüşlərin təkcə protokol xarakteri daşımadığını, eyni zamanda praktik siyasi və iqtisadi koordinasiya məqsədi güddüyünü göstərir. Səfər çərçivəsində Hakan Fidanın Rusiya xarici işlər naziri Sergey Lavrov ilə aparacağı danışıqlar, həmçinin prezident köməkçisi Vladimir Medinski və prezident müşaviri İqor Levitin ilə planlaşdırılan görüşlər iki ölkə arasında siyasi dialoqun müxtəlif səviyyələrdə davam etdirildiyini ortaya qoyur. Eyni zamanda türk biznes dairələrinin nümayəndələri ilə keçiriləcək görüşlər iqtisadi əməkdaşlığın siyasi gündəmlə paralel şəkildə inkişaf etdirildiyini təsdiqləyir. Digər tərəfdən, səfərin beynəlxalq konteksti də diqqət çəkir. Ukrayna müharibəsi fonunda yeni danışıqlar formatlarının müzakirəsi, Qara dənizdə təhlükəsizlik təşəbbüsləri və Cənubi Qafqazdakı geosiyasi proseslər bu görüşlərin əsas müzakirə mövzularından biri kimi ön plana çıxır. Ankara bu platformada həm vasitəçilik imkanlarını saxladığını, həm də regional təhlükəsizlik arxitekturasında aktiv rol oynamaq niyyətini bir daha nümayiş etdirir.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a söyləyib ki, Türkiyə və Rusiya bir çox coğrafiyada, xüsusən Yaxın Şərq və Cənubi Qafqazda, bir çox hallarda eyni gündəlikdən çıxış edirlər:
“Daha doğrusu, Türkiyə NATO və Amerikanın müttəfiqi olsa da, müstəqil xarici siyasət xəttindən çıxış edir və bir çox coğrafiyada Rusiya ilə maraqlarını uzlaşdırmağa çalışır. Bu, Türkiyəyə imkan verir ki, həm Qərb qarşısında əlavə bir alternativ qazansın, həm də bir çox coğrafiyadakı proseslərdə öz maraqlarını təmin etsin. Təbii ki, Türkiyənin bu siyasi xətti Rusiyaya da sərf edir. Çünki Türkiyə Rusiya üçün NATO-Qərb blokunda əsas tərəfdaşlardan biri kimi görünür. Türkiyə ilə münasibətlər Rusiyanın həm regiondakı mövqelərini gücləndirməsi baxımından sərfəlidir, həm də Qərblə qarşıdurma prosesində təmasların davam etdirilməsi üçün bir növ açıq qapının saxlanılması baxımından vacibdir. Yəni Türkiyə bir çox hallarda Qərb-Rusiya qarşıdurmasının əsas körpüsü rolunu oynaya bilir. Bu kontekstdə hesab edirəm ki, Hakan Fidanın səfərinə hər iki ölkənin maraqları prizmasından baxmaq lazımdır. Mövcud vəziyyəti nəzərə aldıqda, bu səfərdə əsas müzakirə mövzusu yenə də həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda geosiyasi müstəvidə baş verən proseslərdə maraqların uzlaşdırılması, bir növ gündəliyin formalaşdırılması məqsədi daşıyır”.
Şərhçi qeyd edib ki, səfərin məhz indi baş tutmasına baxdıqda, bunu İran-ABŞ danışıqları fonunda da qiymətləndirmək olar:
“Yəni İran və ABŞ arasında müəyyən anlaşma ehtimalı var və əgər belə bir razılaşma əldə olunarsa, bu, Yaxın Şərqdəki vəziyyəti dəyişə bilər. Bir növ, Türkiyə Yaxın Şərqdə dəyişə biləcək vəziyyətə uyğun öz strategiyasını formalaşdırır. Rusiya ilə əməkdaşlıq, yaxın münasibətlər bu strategiyada önəmli rol oynaya bilər. Yəni bu, Türkiyənin əlini gücləndirə bilər.Digər tərəfdən, Cənubi Qafqazdakı siyasi proseslərin inkişafı da maraqlıdır. Çünki Ermənistanda artıq baş nazir seçkiləri məsələsi yekunlaşıb və bundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə-Ermənistan sərhədinin açılması məsələləri gündəmdədir. Bu prosesdə isə Türkiyə ən önəmli ölkələrdən biridir. Çünki Qərb Ermənistan üzərindən Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışırsa, əsas istiqamət götürülən ölkələrdən biri Azərbaycandırsa, digəri Türkiyədir. Belə demək mümkündür ki, Türkiyə Cənubi Qafqazdakı proseslərdə əsas ötürücü rolunu oynamaq istəmir, daha çox həlledici rolunda çıxış etmək niyyətindədir. Yəni Türkiyə istəyir ki, bundan sonrakı mərhələdə ABŞ-nin və Avropa İttifaqının bölgədə maraqları təmin olunsa da, Ankara Qərbin maraqlarında iştirak edən ölkədən daha çox, regionu idarə edən, bölgədəki proseslərə təsir göstərən və həlledici rol oynayan dövlət kimi çıxış etsin.Təbii ki, burada Azərbaycan-Türkiyə faktoru xüsusi önəm daşıyır. Türkiyə Rusiya ilə yaxınlaşmaqla, təmasları artırmaqla həm də Qərbə mesaj verir ki, əgər Ankaranın istədiyi rol ona verilməzsə, o zaman Ankara Moskva ilə daha sıx yaxınlaşma xəttini seçə bilər. Bu isə nəticə etibarilə Cənubi Qafqaz da daxil olmaqla regionda Rusiyanın ön plana çıxmasına şərait yarada bilər. Yəni bu səfərdə həm də belə bir mesajın verildiyini söyləmək mümkündür”.
Analitikin sözlərinə görə, bu səfərdən sonra Cənubi Qafqazdakı hadisələrin gedişatında müəyyən dəyişikliklər ola bilər:
“Rusiya çalışacaq ki, regionda, xüsusilə Cənubi Qafqazda mövqelərini gücləndirilmiş kimi göstərsin. Burasa ən önəmli məsələ “3+3” formatıdır. Hakan Fidanın Moskva səfərində bu format da müzakirə ediləcək. Rusiya tərəfi sözügedən formatın müzakirəsinə daha mox maraqlıdır. Çünki Ermənistandakı seçkilərdən sonra Avropa İttifaqı və Amerika bölgədə daha da güclənmiş kimi görünür. Rusiya isə buna qarşı “3+3” formatını inkişaf etdirməyə və təmasların artırılmasına çalışacaq. Bu da bir növ bölgədəki güc balansına təsir etmək məqsədi daşıyır. Türkiyə isə sözügrdən prossesdə həlledici açar rolu oynayan ölkələrdən biridir”.