Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, G7 ölkələri Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminin əlavə şəkildə gücləndirilməsi ilə bağlı razılığa gəliblər.
Sherg.az xəbər verir ki, Zelenski bu barədə özünün Telegram kanalında paylaşım edib.
Onun sözlərinə görə, Fransada keçirilən G7 sammiti Ukrayna üçün mühüm nəticələrlə yadda qalıb.
“Ən vacib məsələ ondan ibarətdir ki, biz Ukraynanın hava hücumundan müdafiəsinin əlavə gücləndirilməsi barədə razılıq əldə etdik. Tərəfdaşlarımız müdafiə imkanlarımızın və enerji dayanıqlığımızın təmin olunmasına dəstək verəcəklər”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Zelenskiyə münasibətdə nümayişkaranə şəkildə məsafəli davrandığı barədə məlumatlar yayılmışdı. Bununla yanaşı, daha sonra Tramp və Zelenskinin sammit çərçivəsində görüş keçirdiyi də bildirilmişdi.