Gürcüstan Baş naziri: Saakaşvilinin partiyasının siyasi sistemdə yeri yoxdur

“Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası kollektiv şəkildə ölkənin siyasi sisteminin tərkib hissəsi olmamalıdır, əks halda, siyasi sistem sağlam şəkildə inkişaf edə bilməz”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Bu, hətta zəifləyən müxalifət daxilində belə ikinci yeri tutan partiyadır, gələcəkdə heç bir şansı yoxdur. Partiya daxilində baş verən qarşıdurmalar ümumilikdə müxalifətin zəifliyinin göstəricisidir. Hətta öz partiyaları daxilində də ciddi fikir ayrılıqları var. Bütün bunlar onların zəifliyini göstərir, proseslərin bu şəkildə davam etməsi vacibdir. Belə siyasi qüvvələrin bizim siyasi sistemimizdə, sağlam demokratik siyasi sistemdə yeri yoxdur. Kollektiv “Milli Hərəkat” siyasi sistemin tərkib hissəsi olmamalıdır, əks halda, siyasi sistem sağlam şəkildə inkişaf edə bilməz”, - Kobaxidze bildirib.