Hakan Fidan Azərbaycana gəlir - Səfər proqramı açıqlandı

Türkiyə xarici işlər naziri Hakan Fidan sentyabrın 15-16-da Azərbaycanda səfərdə olacaq.

Teleqraf xəbər verir ki, Türkiyənin baş diplomatı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla görüşəcək.

Hakan Fidanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi də qeyd edilib.

Türkiyə mediasının yazdığına görə, görüşlərdə Fidanın strateji səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin çatdığı mərhələdən məmnunluğunu bildirməsi, iki ölkənin prezidentlərinin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün aparılan işlərin intensivləşdirilməsinin vacibliyini vurğulaması, enerji və nəqliyyat sahələrində ortaq gündəmi və layihələri müzakirə etməsi gözlənilir.

Nazirin görüşlər zamanı iki müttəfiq ölkə arasında müdafiə sənayesi, təhlükəsizlik və hərbi sahələrdə davam edən əməkdaşlıqla bağlı məsələləri qiymətləndirəcəyi və başda Türk Dövlətləri Təşkilatı (TDT) olmaqla, iki ölkə arasında çoxtərəfli platformalarda mövcud əməkdaşlığı nəzərdən keçirəcəyi bildirilir.

Görüşlərdə onun Türkiyənin yaxın zamanda ev sahibliyi edəcəyi TDT-nin 13-cü zirvə toplantısı və COP31 ilə bağlı məsləhətləşmələr aparması nəzərdə tutulur.

Hakan Fidanın görüşlərdə Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsi üçün tarixi fürsətin yarandığını ifadə etməsi, Türkiyənin tərəflər arasında mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini və əldə olunan müsbət inkişafları məmnuniyyətlə qarşıladığını bildirməsi gözlənilir.

Xarici işlər nazirinin Türkiyənin azad edilmiş Qarabağda infrastrukturun yaxşılaşdırılması, enerji və ticarət xətlərinin fəallaşdırılması və kommunikasiyaların gücləndirilməsinə yönəlmiş işləri dəstəklədiyini ifadə edəcəyi, eləcə də aktual regional və beynəlxalq inkişaflarla bağlı fikir mübadiləsi aparacağı vurğulanır.