- Abutalıb Səmədov: “Sərhəd açılsa, bölgədə tamamilə yeni şərait yaranar”
Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı proses və tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində müzakirələr davam edir. Ermənistan rəsmiləri sərhədlərin açılmasının regionda siyasi və iqtisadi baxımdan yeni imkanlar yarada biləcəyini bildirirlər. Eyni zamanda, bu prosesin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və regionda mövcud məsələlərin həlli ilə əlaqəli olduğu vurğulanır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da Türkiyə ilə münasibətlərə və sərhəd məsələsinə münasibət bildirib. O, Ankara ilə əlaqələrin bərpası istiqamətində müəyyən addımların atıldığını, qarşılıqlı səfərlərin və işgüzar təmasların davam etdiyini deyib. Simonyanın sözlərinə görə, Ermənistan Türkiyədən öz suverenliyinə qarşı hər hansı təhlükə görmür və sərhədlərin açılması ilə bağlı prosesin yaxın gələcəkdə irəliləyə biləcəyini düşünür.
Politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, Simonyanın söylədiyi kimi, Ermənistan-Türkiyə sərhədi açılması istiqamətində işlər davam edir:

“Ermənistan tərəfindən işlər tamamlanır, Türkiyə tərəfindən isə sərhədlərin açılması üçün hələ müəyyən işlər görülməlidir. Əgər sərhəd açılarsa, bu, bölgədə tamamilə yeni şərait yaradar. Bu dəyişiklik həm siyasi, həm də nəqliyyat-ticarət əlaqələri baxımından əhəmiyyətli olar. Sərhədin açılması xüsusilə Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Çünki Rusiyanın təzyiqləri durmadan artır, Ermənistan məhsullarına qadağalar qoyulur və bu qadağaların artması heç kim üçün sirr deyil. Bu baxımdan, Avropa bazarlarına və Aralıq dənizinə çıxış əldə etmək üçün Türkiyə sərhədlərinin açılması Ermənistan üçün çox vacibdir. Məhz buna görə Ermənistan sərhədlərin açılmasında maraqlıdır və bu prosesin sürətlənməsini istəyir. Bununla yanaşı, sərhədin açılmasının üstünlükləri yalnız Ermənistanla məhdudlaşmır. Bu məsələ Azərbaycan-Ermənistan və Azərbaycan-Türkiyə əlaqələri baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Orta Dəhlizin şaxələndirilməsi, onun əhəmiyyətinin və səmərəliliyinin artırılması üçün də sərhədin açılması vacibdir”.
Analitik qeyd edib ki, burada əsas şərt Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır:
“Hələlik bu istiqamətdə arzu olunan nəticə əldə olunmayıb. Referendum keçirilmədiyi üçün sərhədlərin açılması prosesi də əvvəlki dövrlə müqayisədə daha ləng gedir. Bunu Alen Simonyan da etiraf edir. Yəni məsələ Türkiyə ərazisində infrastrukturun hazırlanması ilə bağlı deyil. Nəzərdə tutulduğu kimi referendum keçirilsəydi və Ermənistan Konstitusiyası dəyişdirilsəydi, bu, sərhədlərin açılması prosesini sürətləndirə bilərdi. Belə olan halda, hətta ilin sonuna qədər Ermənistan-Türkiyə sərhədlərinin açılması mümkün ola bilərdi”.