İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında çıxış edib.
Sherg.az xəbər verir ki, yüksək kürsüdə olan Pezeşkian deyib:
“Bəli, bizi vurdular, amma biz dağılmadıq. Biz mülki şəxsləri hədəf almadıq. Əsas sabitsizliyi yaradanlar onlardır. Bizə terrorçu deyirlər. Biz yalnız beynəlxalq hüquqa riayət olunmasını istəyirik. ABŞ və İsrail soyqırımı həyata keçirib. İnsanlar terrorçu damğası ilə hədəfə alınarkən susub bunu qəbul etməlidirlərmi?”
Pezeşkian bildirib ki, ABŞ-ın hücumları nəticəsində uşaqları həlak olub, lakin İran diz çökməyib:
“Həftələrdir insanlar küçələrdədir. Biz gücümüzü xalqımızdan alırıq və dağılmırıq. Biz başqalarının təhlükəsizliyini təhdid etməklə öz təhlükəsizliyimizi təmin etmək istəmirik”.
İran prezidenti vurğulayıb ki, heç kim İran şəhərlərinin bombalanmasına səssiz qalacaqlarını düşünməməlidir.
O, İranın dinc nüvə texnologiyasına malik olduğunu bildirib:
“Biz texnologiyamızı inkişaf etdiririk. Bu texnologiyadan humanitar məqsədlər üçün istifadə edirik. Başımızı əyməyəcəyik. Haqqımızdan imtina etməyəcəyik. Dinc şəkildə nüvə texnologiyasının inkişafına məhdudiyyət qoyulmasına icazə verməyəcəyik”.
Pezeşkianın sözlərinə görə, regionda müharibə sərhəd tanımır və böhranlar yayılır:
“Biz qonşularımızı təhlükəsizlik rəqibi kimi görmürük. Güclü qonşularımızın olmasını istəyirik”.
İran prezidenti əlavə edib ki, mövcud şəraitdə sülhdən danışmaq mümkün deyil:
“Ədalət olmadan sülh bərqərar edilə bilməz. Region ölkələri xarici dövlətlərin hücumlarında oyuncaq olmamalıdır. Ədalətin olmadığı yerdə müqavimət güclənir”.
Pezeşkian İranın təslim olmayacağını bildirib:
“İran heç vaxt müharibəyə başlamayıb. Biz müharibədən qorxmadığımızı da nümayiş etdirdik. Vətənimizə bağlılığımızı davam etdirəcəyik və son nəfəsimizədək özümüzü müdafiə edəcəyik”.
İran prezidenti İsrailin kütləvi qırğın silahlarına malik olduğunu iddia edib:
“İsrail öldürür, biz isə cəzalandırılırıq”.
Pezeşkian çıxışının sonunda deyib:
“Yalnız müharibə və zorakılığın hökm sürdüyü dünya təhlükəsiz dünya ola bilməz. Biz imtiyaz deyil, ədalət istəyirik”.