İsrail mətbuatı NATO-nun 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammiti ərəfəsində Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlara diqqət çəkib.
Sherg.az xəbər verir ki, İsraildə fəaliyyət göstərən "Bizportal News" nəşri yazıb ki, Türkiyə artıq yalnız güclü ordusu və geosiyasi mövqeyi ilə deyil, həm də silah, sursat və təhlükəsizlik sistemlərini sürətli və rəqabətqabiliyyətli qiymətlərlə istehsal edən ölkə kimi ön plana çıxır.
Məqalədə Türkiyənin müdafiə ixracatının illik 10 milyard dolları ötərək diqqət çəkdiyi, ixracın əhəmiyyətli hissəsinin ABŞ, Avropa ölkələri və digər Qərb müttəfiqlərinə yönəldiyi qeyd olunub.
Nəşr bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Türkiyənin müdafiə məhsullarına tələbat əhəmiyyətli dərəcədə artıb. “Döyüş meydanında etibarlılığını və effektivliyini sübut etmiş hərbi texnikalar Türkiyənin önünü açıb”, - deyə məqalədə vurğulanıb.
"Bizportal News" Avropanın əsas problemlərindən birinin müdafiə sənayesində istehsal sürəti olduğunu qeyd edərək, Türkiyənin güclü sənaye bazası, nisbətən aşağı istehsal xərcləri və praktik təcrübəyə malik ordusu sayəsində üstün mövqedə olduğunu yazıb.
Məqalədə həmçinin Türkiyənin müdafiə texnologiyaları sahəsində inkişaf tempinə diqqət çəkilərək, “Türklərin sürətinə çatmaq çətindir” ifadəsinə yer verilib. Xüsusilə Bayraktar TB2 pilotsuz uçuş aparatının uğurları nümunə göstərilib.
Nəşr hesab edir ki, Ankara sammitində müdafiə xərcləri, təhlükəsizlik əməkdaşlığı və yeni sənaye tərəfdaşlıqları ilə bağlı mühüm qərarlar və razılaşmalar gündəmə gələ bilər.