- Netanyahu Ərdoğana qarşı yeni cəbhə açır
İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı Beynəlxalq Cinayət Məhkəməsində mümkün iş üçün materialların hazırlanmasına göstəriş verməsi Ankara–Təl-Əviv qarşıdurmasının yeni mərhələyə keçə biləcəyini göstərir. İsrail mediasının məlumatına görə, hazırlanan dosyedə Türkiyənin kürdlərlə bağlı siyasəti və Ankaranın HƏMAS-la əlaqələri barədə iddialar əsas yer tutacaq. Hələlik məhkəməyə rəsmi müraciətin təqdim edildiyi barədə məlumat yoxdur.
Burada diqqətçəkən məqam qarşılıqlı hüquqi təzyiq ehtimalıdır. Məlumata görə, Netanyahu bu addımı Ərdoğanın onun barəsində İnterpola müraciət etdiyini açıqlamasından sonra atıb. İsrail tərəfinin hazırlanan dosyeni yalnız hüquqi proses deyil, Türkiyəyə qarşı siyasi və diplomatik təzyiq vasitəsi kimi də nəzərdən keçirdiyi bildirilir.
Lakin prosesin qarşısında ciddi hüquqi suallar var. Həm İsrail, həm də Türkiyə Roma Statutuna tərəf deyil və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır. Buna görə də mümkün müraciətin hansı hüquqi mexanizmlə irəli sürüləcəyi əsas məsələlərdən biri olacaq.
Yaxın perspektivdə Ankara ilə Təl-Əviv arasında qarşıdurmanın yalnız siyasi bəyanatlarla məhdudlaşmayaraq beynəlxalq hüquq müstəvisinə də daşınması mümkündür. Hazırlanan dosye məhkəməyə təqdim edilməsə belə, onun Ərdoğana və Türkiyəyə qarşı diplomatik təzyiq alətinə çevrilməsi ehtimalı var. Bu isə İsrail-Türkiyə münasibətlərində yeni və daha sərt qarşıdurma mərhələsinin formalaşdığını göstərən amillərdən biri ola bilər.