Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir

Şəhərlərlə bağlı çağırışlar siyasət və icra mexanizmlərindən daha sürətlə artır.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə Kanadanın mənzil, infrastruktur və icmalar naziri müavininin köməkçisi Janet Holding bildirib.

Onun sözlərinə görə, Kanada hökuməti 2017-ci ildə başladılan Milli Mənzil Strategiyası çərçivəsində 10 ildən artıq dövr üzrə 115 milyard Kanada dollarından çox investisiya nəzərdə tutub.

Janet Holding qeyd edib ki, ölkədə yeni yaradılan “Build Canada Homes” federal qurumu dövlət torpaqlarının mənzil tikintisi üçün istifadəsini genişləndirir, maliyyələşdirməni asanlaşdırır və tikinti prosesini sürətləndirir.

O bildirib ki, qarşıdakı 10 ildə Kanadanın əsas prioritetləri mənzil tikintisinin sürətləndirilməsi, inklüzivliyin gücləndirilməsi və iqlim dəyişikliklərinə davamlı şəhərlərin qurulması olacaq.