Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL

  • O, Paşinyanın devrilməsinə hesablanmış gizli planlar qura biləcək dərəcədə siyasi fiqur kimi formalaşmayıb

Ermənistanda müxalif blokla Paşinyan höküməti arasında mübarizə tükənmək bilmir. Sabiq prezident Robert Köçaryan və rusiyalı oliqarx Samvel Karapetyan Nikolu seçkiləri saxtalaşdırmaqda ittiham edərək, səslərin ləğv olunması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət ediblər. S.Karapetyan digər müxalif qüvvələrlə birgə, Paşinyanı vəzifəsindən kənarlaşdırmaq üçün gizli planlar qurduqlarını açıqlayıb.

Hətta o, hazırda Konstitusiya Məhkəməsinin qərarını gözlədiklərini bildirib. Karapetyan Ermənistanda Paşinyandan daha az yaşadığına dair açıqlamalara belə cavab verib: “Vacib olan gələcəkdə kimin yaşayacağıdır”. Bu da açıq-aşkar Paşinyanı ölümlə hədələmək anlamına gəlir. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin qərarı iyulun 4-dək açıqlanacaq.

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, S. Karapetyanın bu bəyanatını daha çox mənəvi-psixoloji təzyiq olaraq qiymətləndirirəm:

“Gizli planların olduğunu açıq şəkildə bəyan etmələri belə bu iddianın ciddi əsaslara söykənmədiyini göstərir. Əgər onların həqiqətən planı olsaydı, bunu əvvəlcədən açıqlamaz, birbaşa həyata keçirərdilər. Samvel bu cür bəyanatlarla müxalif düşərgəyə və öz partiyasına kömək etmir. Əksinə, onları mərkəzi hökumətin repressiv addımları qarşısında açıq hədəfə çevirir. Karapetyan və onunla eyni cəbhədə yer alan müxalif partiyalar, Paşinyanı gizli yollarla yox, elə qanun daxilində (parlament müstəvisində) küncə sıxışdırmağı planlaşdırır”. 

Politoloqun sözlərinə görə, Karapetyan Paşinyanın devrilməsinə hesablanmış gizli planlar qura biləcək dərəcədə siyasi fiqur kimi formalaşmayıb:

“Onun “gizli” adlandırdığı planı bəsit şəkildə ifşa etməsi, siyasi meydançadan tamamilə uzaq olduğunu göstərir. Karapetyan Ermənistan siyasətinə öz iradəsi ilə gəlməyib. O, sadəcə Kremlin əlində bir proksi qüvvə kimi İrəvanın göbəyinə atılıb. Samvelin eyham vurduğu “gizli plan” konseptinin arxasında Kremlin dayana bilər. Son vaxtlar Rusiya Ermənistana qarşı sanksiyaları və ritorikasını sərtləşdirib. Sözsüz ki, baş verənlər hələlik tərəflər arasındakı “qırmızı xətt” həddinə çatmayıb. Görünən odur ki, üzdə nümayiş etdirilən təzyiqlərlə yanaşı, Moskva Paşinyanla pərdəarxasında da gizli sövdələşmələr aparıb, nəyəsə nail olmağa çalışır”. 

S.İsgəndərovun fikrincə, Köçaryan və Karapetyanın Konstitusiya Məhkəməsinə müraciəti də növbəti uğursuzluqdan başqa bir şey olmayacaq:

“Onlar Rusiyanın əmri olmadan Ermənistanda iğtişaşlar belə keçirə bilməzlər. Moskva isə hazırkı mərhələdə bu cür riskli gedişə əl atmaz. Onsuz da Ukraynanın hərbi hücumları onların əsəblərini tarıma çəkib. Doğrudur, Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası var. Ancaq onları Ermənistandaxili proseslərə cəlb eləmək Rusiya üçün yaxşı nəticə verməyəcək. Bu əks-effekt doğura bilər. Məhkəmənin seçki nəticələrini ləğv edəcəyinə də inanmıram. Qurumun qərarını, Karapetyandan daha çox, onun arxasında dayanan Kreml gözləyir”. 

Politoloq onu da qeyd edib ki, Rusiya və müxalif blok seçkiləri ləğv etməklə, yarı yolda qalan Qaqik Sarukyanın partiyası üçün yeni fürsət qapısı açmağa çalışırlar:

“Çünki Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası seçkilərdə tələb olunan baryeri keçə bilmədi. Kremlin Paşinyanın parlamentdəki konstitusion çoxluqdan məhrum olmağını arzulayırdı. Nail oldu da. Paşinyanın özü də konstitusion çoxluq əldə etməyə maraqlı deyildi. Çünki buna sahib olmaqla, Azərbaycanın qoyduğu əsas şərti yerinə yetirməyə məcbur qalacaqdı. Artıq boyun qaçırmaq üçün əlində tutarlı bəhanəsi var. Bu nöqteyi-nəzərdən Paşinyan və Moskvanın maraqları üst-üstə düşür”.