- Üçüncü Dünya müharibəsi su uğrunda baş verəcək.
İqlim dəyişikliyi, qlobal istiləşmə, su ehtiyatlarının azalması və atmosferdə baş verən dəyişikliklər bu gün bəşəriyyətin qarşısında duran ən ciddi problemlər sırasındadır. Bu proseslərin səbəblərini, mümkün nəticələrini və çıxış yollarını ən dolğun şəkildə izah edənlər isə uzun illər bu sahədə çalışan alimlərdir.
Bu dəfəki həmsöhbətim meteorologiya, atmosfer elmləri və hava çirklənməsi üzrə tanınmış alim, müxtəlif beynəlxalq elmi layihələrin iştirakçısı və rəhbəri olmuş professor Orhan Şəndir. O, uzun illər ərzində ABŞ-də fəaliyyət göstərərək əvvəlcə MIT-də, daha sonra isə NASA-nın tədqiqat mərkəzində çalışıb, aviasiya təhlükəsizliyi, turbulensiya, hava hadisələri və süni yağıntı texnologiyaları ilə bağlı mühüm layihələrdə yer alıb.
Sherg.az müsahibəni təqdim edir:
-Professor, əvvəlcə elmi fəaliyyətiniz haqqında danışaq. Əsas ixtisasınız nədir?
-Mənim ixtisas sahəm meteorologiya, hava çirklənməsi və atmosfer elmləridir. Atmosfer elmləri ilə bağlı bütün istiqamətlər mənim fəaliyyət sahəmə daxildir. Duman, hava hadisələri və bu istiqamətdə aparılan elmi tədqiqatlarla məşğul oluram.
Bu yaxınlarda donmuş dumanın görünmə məsafəsinə və nəqliyyata təsiri ilə bağlı yeni məqaləm dərc olundu. Məqalə beynəlxalq elmi ictimaiyyətdə böyük maraq doğurdu. Hazırda məni dünyanın ən nüfuzlu elmi mükafatlarından birinə namizəd göstəriblər. Eyni zamanda, bir çox beynəlxalq elmi jurnal mənə müraciət edərək məqalə yazmağımı xahiş edir. Hətta deyirlər ki, çox məşğul olsam belə, heç olmasa bir səhifəlik yazı göndərim.
Yeri gəlmişkən, bu süni yağıntı layihəsinə görə Türkiyədə elm və texnologiya sahəsində birincilik mükafatına layiq görüldüm. Dünyada isə ilk üçlükdə yer aldım.
-Azərbaycanla da əməkdaşlığınız olub?
-2019-cu ildə Azərbaycanla birlikdə ortaq bir simpozium təşkil etmişdik. Simpoziumun sədri mən idim. Azərbaycandan olan həmkarımla birlikdə həmin elmi toplantını keçirdik.
-NASA-ya necə getdiniz?
-Əslində əvvəlcə MIT-də (ABŞ-nin Massaçusets Texnologiya İnstitutu) işləyirdim. Bostonda fəaliyyət göstərirdim. Bir müddət sonra NASA-dan mənə zəng etdilər və onlarla işləməyimi təklif etdilər. İlk təklifə "yox" dedim. Sonra bildirdilər ki, əllərində təyyarələrlə bağlı iki çox mühüm layihə var və mütləq həmin layihələrdə iştirak etməyimi istəyirlər. Mən də razılaşdım.
Beləliklə Bostondan Kaliforniyaya, Los-Ancelesə getdim. San-Fransiskonun cənubunda yerləşən Moffett Field-də NASA-nın tədqiqat mərkəzində çalışdım. Ora daxil olmaq üçün gözün tor qişasının tanınması sistemi istifadə olunurdu. Barmaq izi belə kifayət etmirdi. Ora hətta Amerika vətəndaşları da daxil ola bilmirlər. Amma mən həmin laboratoriyalarda işləyirdim. İki mühüm layihədə iştirak etdim.
-Layihələr haqqında danışa bilərsiniz?
-Birinci layihədə Sabena Hava Yollarına məxsus bir sərnişin təyyarəsinin başına gələn hadisəni araşdırırdıq. Təyyarə Avropadan qalxaraq Amerikaya uçurdu. Qrenlandiya üzərində güclü turbulensiyaya düşmüş və nəticədə göyərtədə olan 12 nəfər yaralanmışdı.
Biz hadisənin səbəbini araşdırdıq. Məlum oldu ki, Qrenlandiyanın Amerikanın baxdığı tərəfində təxminən 3000 metr hündürlüyündə çox dik buz dağları yerləşir. Qərbdən gələn hava axınları həmin dağlara çırpılaraq yuxarı qalxır və atmosferdə "dağ dalğası" adlandırdığımız güclü hava dalğaları yaradır. Təyyarə də məhz bu dalğalara düşdüyü üçün ciddi turbulansla üzləşmişdi. Hadisənin əsas səbəbini belə müəyyən etdik.
Sonra başqa bir layihə üzərində işlədik. Amerikanın şimalında, Buffalo şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasını araşdırırdıq. Həmin hadisədə iki nəfər həyatını itirmişdi.
Araşdırmalar göstərdi ki, təxminən 30 kilometr yüksəklikdə yerləşən reaktiv hava axınlarının ayrıldığı nöqtələrdə çox güclü turbulensiya yaranır. Biz müəyyən etdik ki, qəzanın əsas səbəbi də həmin zonalarda formalaşan təhlükəli hava axınları idi.
Təbii ki, bu tədqiqatları komanda şəklində aparırdıq. Komandada müxtəlif alimlər var idi və mən də onların arasında çalışırdım.
O zaman kosmik gəmi proqramı davam edirdi. Kosmik gəmi Yer ətrafında dövrə vurur, sonra təyyarə kimi eniş edirdi. Həmin kosmik gəminin sınaqlarının aparıldığı mərkəz də mənim işlədiyim yer idi.
Ora yenə yalnız gözün tor qişasının tanınması ilə daxil olmaq mümkün idi. Daha artıq təfərrüat danışa bilmərəm. Çünki həmin mərkəzdə ciddi məxfilik qaydaları tətbiq olunurdu. Liftlə yerin altına enirdin və qarşında kosmik gəmi dayanırdı. Bunlar olduqca mühüm layihələr idi.
-Orhan bəy, tədqiqatlarınızı əsasən hansı sahələr üzrə aparmısınız?
-Doktorluq dissertasiyam hava çirklənməsi mövzusunda idi. Bu sahə mənim əsas elmi istiqamətlərimdən biridir. Lakin dosentlik və professorluq dövründə apardığım tədqiqatlar yalnız hava çirklənməsi ilə məhdudlaşmayıb. Müxtəlif istiqamətlərdə elmi araşdırmalar aparmışam.
Məsələn, onlardan biri süni yağıntı layihələri idi. Bu layihələrdə həm iştirak etdim, həm də rəhbərlik etdim. Türkiyədə üç müxtəlif bölgədə - İstanbulda, İzmirdə və Ankarada buludların toxumlanması layihələrini həyata keçirdik.
İzmirdə həmin dövrdə fəaliyyət göstərən Petkim müəssisəsində də layihə icra olunurdu. Sonradan bu müəssisəni SOCAR aldı.
Layihənin rəhbəri mən idim. Təyyarə ilə buludların içinə qalxır, orada ölçmələr aparır və buludların toxumlanmasını həyata keçirirdik.
-Buludların toxumlanması necə həyata keçirilir?
-Sizin araşdırmaçı olduğunuz hiss olunur. Bu suala cavab tapmaq üçün əvvəlcə yağıntının necə əmələ gəldiyini bilmək lazımdır. Əvvəlcə özümüzə sual verək: yağıntı nədir? Yağıntı su damcılarının Yer səthinə düşməsidir. İndi siz göydə buludu ağ rəngdə görürsünüz.
Çünki bulud milyonlarla kiçik su zərrəciklərindən ibarətdir. Bu zərrəciklər Günəş işığındakı bütün rəngləri eyni anda əks etdirdiyi üçün biz onları ağ rəngdə görürük. Ancaq həmin su zərrəcikləri çox kiçik olduqlarına görə Yerin cazibə qüvvəsinin təsiri ilə aşağı düşə bilmirlər.
- Bəs onlar necə yağışa çevrilirlər?
-Su zərrəcikləri böyüməlidir. Böyümək üçün isə bir-birlərinə birləşməlidirlər. Lakin normal şəraitdə onlar bir-birlərini itələyirlər və asanlıqla birləşə bilmirlər. Bunun üçün nüvə lazımdır.
Buludun daxilində həmin nüvələr yəni buz kristalları olur. Əgər buludun daxilində kifayət qədər buz kristalı yoxdursa, su zərrəcikləri onların ətrafında toplaşa bilmir. Nəticədə böyümürlər, yağış damcısına çevrilmirlər. Bir müddət sonra buxarlanaraq atmosferdən yox olurlar. Bizim gördüyümüz iş də məhz burada başlayırdı.
-İş necə icra olunurdu?
-Pilot təyyarə ilə buludun içinə daxil olurdu. Təyyarənin altında yerləşən xüsusi cihazlar buludun daxilindəki hissəciklərin sayını ölçürdü.
Məsələn, ölçmə göstərirdi ki, bir litr havada cəmi 30 buz nüvəsi var. Bu say yağıntının yaranması üçün kifayət deyil.
Biz hesablayırdıq ki, həmin buludda normal yağıntının yaranması üçün bu göstərici, məsələn, 70-ə çatmalıdır.
Bundan sonra aşağıdan pilota göstəriş verilirdi. Deyilirdi ki, "Buludun həmin hissəsinə keç və iki ədəd gümüş yodid fişəng burax".
-Niyə məhz gümüş yodiddən istifadə olunur?
-Çünki gümüş yodidin kristal quruluşu suyun kristal quruluşuna çox bənzəyir.
Su zərrəcikləri həmin hissəciklərin ətrafında toplanmağa başlayır. Beləliklə, buludun daxilində kondensasiya mərkəzlərinin sayı artır.
Bir qram gümüş yodiddə təxminən 10¹⁶ hissəcik olur. Bu, olduqca böyük rəqəmdir.
Həmin hissəciklər su damcılarının böyüməsinə şərait yaradır. Damcılar ağırlaşır, Yerin cazibə qüvvəsinin təsirinə düşür və nəticədə yağıntı əmələ gəlir. Bütün proses bundan ibarətdir.
-Süni yağıntının əsas məqsədi nədir?
-Əsas məqsəd su ehtiyatlarını artırmaqdır. Məsələn, bu gün İstanbulun su anbarlarının doluluq səviyyəsi təxminən 35 faizdir. Qarşıda qış mövsümü olduğu üçün təbii yağıntılar vəziyyəti yaxşılaşdıra bilər. Amma əgər bu göstərici 20 faiz səviyyəsinə düşərsə, artıq içməli suyun verilməsində məhdudiyyətlər tətbiq etmək lazım gələ bilər. İçməli su həyati əhəmiyyət daşıyır.
Yerüstü su ehtiyatlarının əsas mənbəyi yağışdır. Çaylar da, göllər də, su anbarları da nəticə etibarilə yağıntılar hesabına qidalanır.
Əgər yağıntılar azalırsa, bütün su sistemi bundan təsirlənir.
Qlobal istiləşmə səbəbindən artıq bəzi ölkələrdə yağıntılar əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Türkiyə də bu ölkələr sırasındadır. İtaliya və Cənubi Avropanın digər ölkələrində də oxşar vəziyyət müşahidə olunur.
Məsələn, Türkiyədə keçən il iyul ayında yağıntılar 76 faiz, avqust ayında isə 45 faiz azalıb.
Bu isə o deməkdir ki, su anbarlarında, çaylarda və digər su ehtiyatlarında da ciddi azalma baş verəcək.
-Yağıntıların azalması hansı nəticələrə səbəb olur?
-Yağıntının azalması ilk növbədə su ehtiyatlarının tükənməsi deməkdir. Su anbarlarında, çaylarda və göllərdə suyun həcmi azalır. Bunun nəticəsində içməli su problemi yaranır. Bununla yanaşı, kənd təsərrüfatı da ciddi şəkildə zərər görür.
Bilirsiniz ki, oktyabr ayında taxıl əkini başlayır. Buğda və digər dənli bitkilərin toxumları torpağa səpilir. Toxumun cücərməsi üçün isə torpaqda kifayət qədər rütubət olmalıdır. Bunun üçün də yağış lazımdır.
Əgər hidroloji quraqlıq yaşanırsa, onsuz da məhdud olan su ehtiyatlarından istifadə etmək mümkün olmur. Torpaqda lazımi rütubət yaranmır və nəticədə kənd təsərrüfatı quraqlığı başlayır.
Bu quraqlığın da müxtəlif mərhələləri var.
Tutaq ki, on toxum səpmisiniz. Quraqlıq səbəbindən onların yalnız dördü və ya beşi cücərir.
Bitki cücərdikdən sonra yanvar-fevral aylarında kollanma mərhələsinə keçir. Məsələn, buğdada əvvəlcə bir sap əmələ gəlir. Daha sonra həmin sapdan yan budaqlar çıxmalıdır. Hər budağın ucunda isə bir sünbül formalaşır.
Əgər bitki kifayət qədər su və qida ala bilmirsə, beş budaq əvəzinə yalnız üç budaq əmələ gəlir. Bu isə məhsuldarlığın əhəmiyyətli dərəcədə azalması deməkdir. Beləliklə, kənd təsərrüfatı quraqlığı zamanla sosial-iqtisadi quraqlığa çevrilir.
-Sosial-iqtisadi quraqlıq dedikdə nə nəzərdə tutursunuz?
-Fermer qoyduğu sərmayənin qarşılığını ala bilmir. Məhsuldarlıq azalır, bununla da gəlir azalır. Borclar artır.
Eyni zamanda bazarda məhsul azalır, lakin tələbat dəyişmir. Nəticədə ölkə buğda, qarğıdalı və digər məhsulları idxal etməyə məcbur qalır. İdxalın artması isə qiymətlərin yüksəlməsinə səbəb olur.
İqtisadi çətinliklər də məhz buradan başlayır. Bütün bu proseslərin kökündə isə sadəcə su çatışmazlığı dayanır. Belə bir vəziyyətdə buludların toxumlanması layihələrinin əhəmiyyəti daha da artır.
-Mənə həmişə maraqlı olub. Dünyada bu qədər buzlaq var. Onlar əriyir. Niyə həmin sulardan istifadə edilmir?
-Qütbləri nəzərdə tutursunuz?
-Bəli.
-Qütblərdən su daşımaq praktik baxımdan mümkün deyil. Qrenlandiyanı nümunə göstərim.
Qrenlandiyadakı buzlaqlar şirin sulardan ibarətdir.
Məhz buna görə ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını bildirib. Qrelandiya niyə ABŞ üçün əhəmiyyətlidir?
-Suya görə?
-Bəli. 1990-cı illərdə deyirdilər ki, "bir damla neft uğrunda bir damla qan axıdılır". Mən hesab edirəm ki, gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq.
Su XXI əsrin ən strateji resurslarından biridir. Məhz buna görə Yaxın Şərq bölgəsi xüsusi əhəmiyyət daşıyır.
Məsələn, Türkiyə Fərat və Dəclə çaylarının mənbəyinə sahibdir. Lakin beynəlxalq müqavilələrə əsasən həmin suları müəyyən həcmdə aşağı axın ölkələrinə verməyə borcludur.
Türkiyənin su ehtiyatları nisbətən yaxşı vəziyyətdədir. Lakin İsrail və regionun bəzi digər ölkələrində ciddi su çatışmazlığı mövcuddur. Gələcəkdə su uğrunda münaqişələrin yaranması ehtimalını istisna etmirəm.
-Bəs sizcə, bu böhran nə vaxt daha ciddi hiss olunacaq? Qarşısını necə almaq olar?
-Bunun qarşısını almağın yeganə yolu qlobal istiləşməni məhdudlaşdırmaqdır.
Artıq otuz ilə yaxındır ki, alimlər istixana qazlarının azaldılması ilə bağlı çağırışlar edirlər.
Kyoto Protokolu qəbul edildi. Daha sonra Paris Sazişi imzalandı. Azərbaycanda COP konfransı keçirildi. Lakin bütün bunlara baxmayaraq, istixana qazlarının emissiyası gözlənilən səviyyədə azalmadı. Dünyanın orta temperaturu artıq təxminən 1,5 dərəcə yüksəlib.
Bu rəqəm kiçik görünə bilər. Amma əslində çox böyük dəyişiklikdir. Yer kürəsinin orta temperaturunun cəmi bir dərəcə artması zəlzələlər istisna olmaqla təbii fəlakətlərin təxminən 30 faiz artmasına səbəb olur.
Sellər, güclü küləklər, fırtınalar artır. Yağıntıların coğrafi paylanması dəyişir. Afrikada vəziyyət artıq çox ağırdır.
Bizim yerləşdiyimiz orta enliklərdə də yağıntılar azalır və quraqlıq dərinləşir. Artıq "quraqlıq qapıdadır" demirik. Quraqlıq artıq içəridədir. Buna qarşı ciddi tədbirlər görülməlidir. Əks halda vəziyyət daha da ağırlaşacaq.
-Tədbirlər görülməsə, gələcək necə olacaq?
-Xüsusilə 2050-ci illər çox çətin keçəcək. Əvvəllər hesab olunurdu ki, əsrin sonuna qədər bəşəriyyət iqlim dəyişikliyinə uyğunlaşa biləcək. İndi isə bunun əvvəl düşünüldüyündən daha çətin olacağı görünür.
Hətta Üçüncü Dünya müharibəsi su uğrunda baş verəcək.
-NASA-da işlədiyiniz dövrdə tez-tez müzakirə olunan "yadplanetlilər" mövzusu ilə bağlı hər hansı maraqlı hadisə yaşamısınızmı?
-NASA-da işləməyə başlayanda mənə ilk deyilən söz bu oldu: "Burada gördüklərin burada qalacaq."
Mərkəzdə təhlükəsizlik qaydaları son dərəcə ciddi idi. Ora yalnız gözün tor qişasının tanınması ilə daxil olmaq mümkün idi. Hər addım nəzarət altında idi.
Təsəvvür edin ki, kosmik gəminin təkərinin şəklini belə çəkib kənara göndərsəniz, bunun ciddi nəticələri ola bilərdi. Mən hər il ABŞ-yə konfranslara gedirəm. Bu səbəbdən həmin qaydalara bu gün də hörmətlə yanaşıram.
Ona görə də NASA-da gördüklərim və orada aparılan məxfi işlərlə bağlı əlavə məlumat verməyim düzgün olmaz.
Adi bir insanın dediyi sözlə bir professorun dediyi söz eyni qəbul edilmir. Professorun dediyi məlumat daha ciddi qəbul olunduğu üçün bu mövzuda danışmamağı üstün tuturam.
-Oxucularımıza son olaraq nə demək istərdiniz?
-İqlim dəyişikliyi gələcəyin deyil, bugünün problemidir. Su ehtiyatlarının qorunması, israfın qarşısının alınması və elmə əsaslanan qərarların qəbul edilməsi artıq seçim deyil, zərurətdir. Əks halda gələcək nəsillər çox ciddi problemlərlə üz-üzə qalacaq.