ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Giorgia Meloni arasında G7 Sammitində çəkilən fotoşəkillə bağlı qalmaqal yeni mərhələyə keçib. Trampın Meloninin onunla şəkil çəkdirmək üçün “yalvardığını” iddia etməsindən sonra İtaliya hökumətinin sərt reaksiyası diqqət çəkib.
İtaliyada yayımlanan “10 Minuti” proqramında çıxış edən Giorgia Meloni ABŞ-la münasibətlərə dair yeni açıqlamalar verib. O bildirib ki, nə keçmişdə, nə də indi heç kim qarşısında “diz çökməyib”:
“Bu gün Amerika əleyhdarı deyiləm, dünən də diz çökmürdüm. Qərbin birlik içində daha güclü olduğuna inanıram. İtaliyanın da vahid Qərb daxilində daha güclü olacağına hesab edirəm və bu istiqamətdə çalışmağa davam edəcəyəm. Lakin sağlam münasibətlər açıq danışmağa əsaslanır və mən açıq danışan insanam”.
Mübahisə Trampın iyunun 19-da verdiyi müsahibədən sonra başlayıb. Donald Tramp Fransada keçirilən G7 Summit çərçivəsində Meloni ilə görüşünü xatırladaraq, İtaliya liderinin onunla şəkil çəkdirmək üçün israr etdiyini iddia edib.
Meloni isə həmin gün sosial şəbəkə hesabında bu fikirləri təkzib edərək “Mən və İtaliya heç vaxt yalvarmırıq” bəyanatını səsləndirib. Sonradan Tramp sosial media paylaşımında iddialarını təkrarlayıb və Meloninin ABŞ-la münasibətləri öz siyasi reytinqi üçün istifadə etməyə çalışdığını irəli sürüb.
Buna cavab olaraq İtaliya Baş naziri bildirib ki, Trampın ardıcıl və səbəbsiz hücumları məntiqsizdir və onunla dostluğun siyasi baxımdan heç bir əlavə üstünlük gətirmədiyini vurğulayıb.
Məsələyə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani də reaksiya verib. O, Trampın açıqlamalarını “ciddi və təhqiramiz” adlandıraraq, bunların təkcə Meloniyə deyil, bütün İtaliyaya qarşı hörmətsizlik olduğunu bildirib.
Tramp-Meloni qarşıdurması sadəcə şəxsi polemika deyil, transatlantik münasibətlərdə yaranan fikir ayrılıqlarının da əks-sədası kimi qiymətləndirilməlidir. Meloni ideoloji baxımdan ABŞ-dakı mühafizəkar düşərgəyə yaxın siyasətçi hesab olunsa da, İtaliyanın milli maraqları və Avropa Birliyi daxilindəki mövqeyi onu Vaşinqtonla münasibətlərdə daha balanslı xətt yürütməyə məcbur edir.
Trampın sərt ritorikası isə onun xarici liderlərlə münasibətlərdə üstünlük nümayiş etdirmək və daxili auditoriyaya güc mesajı vermək strategiyasının tərkib hissəsi kimi görünür. Lakin bu cür açıqlamalar ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olan İtaliya ilə münasibətlərdə əlavə gərginlik yarada bilər.
Meloninin “diz çökmürəm” ifadəsi isə təkcə Trampa cavab deyil, həm də İtaliya ictimaiyyətinə və Avropa tərəfdaşlarına verilən siyasi mesajdır. Baş nazir bununla göstərməyə çalışır ki, Roma Vaşinqtonla əməkdaşlığı dəstəkləsə də, milli ləyaqət və dövlət maraqları məsələsində güzəştə getməyəcək.
Nəticə etibarilə, tərəflər arasında yaranan söz savaşı yaxın gələcəkdə ABŞ-İtaliya münasibətlərini kökündən dəyişməsə də, Trampın ikinci prezidentlik dövründə Avropa liderləri ilə münasibətlərinin hansı çətinliklərlə müşayiət oluna biləcəyini göstərən növbəti nümunə kimi dəyərləndirilir.