Kılıçdaroğludan yeni addım: Keçmiş Partiya Məclisinin bərpası tələbi qəbul edildi

Türkiyənin əsas müxalifət partiyası olan CHP-də məhkəmə qərarından sonra proseslər davam edir. Partiya sədri Kamal Kılıçdaroğlu keçmiş Partiya Məclisinin yenidən fəaliyyətə başlaması üçün icra orqanına müraciət edib və müraciət qəbul olunub.

Sherg.az xəbər verir ki, partiya mənbələrinin məlumatına görə, Kılıçdaroğlu ilk Partiya Məclisi iclasını iyunun 1-də keçirəcək. Həmin iclasda Mərkəzi İdarə Heyətinin üzvləri müəyyənləşdiriləcək və rəhbər vəzifələr üzrə bölgü aparılacaq.

Eyni gün Yüksək İntizam Şurasının da toplanacağı gözlənilir. İclasda partiyadaxili intizam məsələləri və bəzi xaricetmə tələblərinin müzakirəsi planlaşdırılır.

Bundan əlavə, CHP rəhbərliyi partiya əməkdaşlarının maaşları və bayram mükafatlarının vaxtında ödəniləcəyini bildirib. Açıqlamada heç bir əməkdaşın zərər görməyəcəyi, maaş ödənişlərinin dayandırılması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyi vurğulanıb.