Milliyet.com.tr-nin müxbiri Tunca Bengin ABŞ, İsrail - İran savaşı ilə bağlı maraqlı analitik material hazırlayıb. Sherg.az həmin materialı təqdim edir.
Trampın bir az öncə İrana yönəlik “Bir sivilizasiyanı məhv edəcəyik” sözləri, alçaldıcı davranışları açıq-aşkar soyqırımı, müharibə cinayətidir... Dünya isə sadəcə seyr edir... Hazırda isə kövrək bir atəşkəs prosesi mövcuddur, ümid edək ki, sonu davamlı sülh olar... Çünki Türkiyə, Pakistan və bir neçə ölkə istisna olmaqla bu məsələdə səmimiyyət sual altındadır... Müzakirələr də “Tramp nə edər, nə edə bilər” üzərində qurulub... Daha nə edəcək ki? Artıq mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri, körpüləri, infrastrukturu, tarixi abidələri vuraraq bir ölkəni addım-addım məhv edir... Daha əvvəl də qəzəblə “daş üstündə daş qoymayacağıq” demişdi. Həm də İran kimi qədim bir dövlətin insanlarını aşağılayan, lağ edən ifadələrlə... Halbuki əvvəl nə deyirdi? “İran xalqına böyük hörmətim var, rejim pisdir, amma onlar yaxşı insanlardır”... Nə vaxt ki İran xalqı torpağını, vətənini qorumaq üçün birləşdi, Tramp birdən dəyişdi... “Hərbi hədəf” bəhanəsi ilə istədiyi yeri vurdu. Ölkələri üçün canını sipər edən insanları görməzdən gəldi... Rəsmi şəkildə “qatil” kimi tanınan Netanyahu ilə əməkdaşlıq edən Tramptan başqa nə gözləmək olar?..
Netanyahunun Qəzzada, Qərb Sahilində insanlığa qarşı törətdiyi cinayətləri ört-basdır etmək üçün BMT-ni bloklayan Tramp, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru və hakimlərini belə təhdid etmişdi. UCM-yə üzv olan, Roma Statutunu imzalayan Avropa ölkələri hava məkanından istifadə edilərsə, soyqırımı cinayətində ittiham olunan Netanyahu barədə həbs qərarını icra etməyə hazır idilər. Amma sonradan Trampın təzyiqi və qorxusu ilə bu qərardan geri çəkildilər... Netanyahu sərbəst şəkildə ABŞ-yə uçur... Görünür, Tramp indi belə düşünür:
Mən ABŞ prezidentiyəm, dünyanın super gücüyəm, nə edirəmsə, doğrudur...
Onsuz da insan haqlarını vecinə almayan, hörmət anlayışı olmayan, özündən başqa heç kimi düşünməyən bir xarakterdir... Kim onu dayandıra bilər ki?
Qarşısında heç bir maneə yoxdur. BMT Təhlükəsizlik Şurası toplansa nə olacaq? Daimi üzvlərdən biri ABŞ-dir və veto hüququ var... Ona baxmayaraq qərar qəbul oluna bilərmi? Əsla...
Müharibə hüququ və insanlığa qarşı cinayətlər baxımından nəyin cinayət olub-olmadığı açıq-aydındır... Səbəbsiz yerə bir ölkəyə hücum edirsinizsə, bunun cinayət olduğunu hər kəs bilir. ABŞ-nin İrana hücumuna isə uydurma bəhanələr gətirildiyi də məlumdur... Daha ilk gün atılan bombalarla 200 qız uşağı öldürüldü... Verdiyi hədələyici ultimatumlar və alçaldıcı ifadələrlə də müharibə cinayətlərini davam etdirdi... Amma dünyaya tamam başqa şeylər danışır... Trampın fərqli bir psixoloji vəziyyətdə olduğu, qeyri-sabit və proqnozlaşdırılmaz davranışları hər kəsə məlumdur... Siyasi alimlər bunu beynəlxalq münasibətlərdə “Madman Theory” (Dəli adam nəzəriyyəsi) kimi izah edirlər - liderin qeyri-məntiqi və gözlənilməz davranaraq rəqiblərini qorxudub güzəştə məcbur etməsi strategiyası... Amma bu strategiyanın vacib bir məqamı da var:
Qısa müddətdə rəqibləri çəkindirə bilər. Uzun müddətdə isə səhv hesablamalar və böhran riskini artırır...
Hazırkı vəziyyət də məhz belədir... Qəzəbini cilovlaya bilməyən Trampın daha təhlükəli və daha çılğın qərarlar vermə ehtimalı var idi. Hətta taktiki nüvə silahından istifadə ehtimalı belə müzakirə olunurdu və bu baxımdan narahatlıqlar var idi... Mənfi inkişaflar olarsa, bu ehtimal hələ də qalır. Amma eyni Tramp bir tərəfdən də İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini (əslində yoxdur) deyərək belə söyləyir:
“Bu insanlar dəlidir. Dəlinin əlinə nüvə silahı verə bilməzsiniz...”
***
Bəs İsrail?... Əgər İran nüvə silahı əldə etmə mərhələsinə gəlibsə və ya gizli şəkildə buna sahibdirsə və bu, İsrailin təhlükəsizliyi üçün təhdiddirsə, Qəzzada on minlərlə günahsız insanı qətlə yetirən, aclıqdan ölməyə məhkum etdiyi insanlara yardım edənlərə belə hücum edən, soyqırımı ittihamı ilə mühakimə olunan Netanyahu’nun əlindəki nüvə silahları birbaşa İran və qlobal təhlükəsizlik üçün təhdid deyilmi?... Xüsusilə də ifrat sağçı Siyo-nasist nazirlərin tez-tez səsləndirdiyi “Qəzzada nüvə silahından istifadə” çağırışları və ABŞ senatoru Lindsey Grahamın Sky News Arabia-ya verdiyi müsahibədə “İsrailin yerində olsaydım, Qəzzaya atom bombası atardım” sözləri hələ yaddaşlardaykən... Üstəlik, bu yaxınlarda İsrail televiziyasında bir aparıcı da Siyo-nasist Milli Təhlükəsizlik naziri Ben-Qvirin iştirak etdiyi proqramda İrana qarşı nüvə silahından istifadəni təklif edərək belə dedi:
“Niyə biz (İranda) neytron bombası istifadə etmirik? Binalara zərər verməyən, amma məhdud şəkildə bütün insanları öldürən bir atom bombası növü...”
***
Əslində kim dəlidir, kim deyil?..