Rusiya Ermənistanın Qərbə yaxınlaşmasını və Avropa İttifaqı ilə inteqrasiya cəhdlərini öz geosiyasi maraqlarına təhlükə kimi qiymətləndirir
Ermənistanla münasibətlər yaxın və əməkdaşlıq formasındadır, lakin AB-nin İrəvanı öz “orbitinə” çəkməyə çalışdığını nəzərə alsaq, bu münasibətlər çətindir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Belə olan halda İrəvan Aİİ çərçivəsində bütün imtiyazlarını itirmək riski ilə üzləşir. Təşkilatın may ayında keçiriləcək sammiti bütün həll edilməmiş məsələləri müzakirə etmək imkanı verəcək”, - o bildirib. Ekspertlər isə qeyd edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ölkə iqtisadiyyatı üçün ciddi itkilərlə nəticələnə bilər.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, Sergey Lavrovun Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı imtiyazlarını itirə biləcəyi ilə bağlı xəbərdarlığı əslində Moskvanın İrəvana yönəlmiş açıq siyasi ultimatumudur. Onun sözlərinə görə, Rusiya Ermənistanın Qərbə yaxınlaşmasını və Avropa İttifaqı ilə inteqrasiya cəhdlərini öz geosiyasi maraqlarına təhlükə kimi qiymətləndirir: 
“Nikol Paşinyan hakimiyyəti uzun müddətdir balanslı siyasət yeritməyə çalışsa da, bu xətti davam etdirmək getdikcə çətinləşir. Paşinyan bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək, digər tərəfdən isə Rusiyanın iqtisadi və təhlükəsizlik çətirindən tam çıxmamaq istəyir. Ermənistan hazırda Aİ çərçivəsində ciddi iqtisadi üstünlüklər əldə edir. Eyni zamanda KTMT-də formal iştirakını saxlayır və paralel olaraq Qərblə siyasi inteqrasiyanı gücləndirməyə çalışır. Yəni İrəvan eyni vaxtda həm Rusiyanın, həm də Qərbin imkanlarından yararlanmaq niyyətindədir. Zənnimcə, qarşıdan gələn parlament seçkiləri Ermənistanın gələcək xarici siyasət kursunu müəyyənləşdirəcək əsas mərhələlərdən biri olacaq. Əgər Paşinyan yenidən hakimiyyətdə qalarsa, Ermənistanın Qərbə inteqrasiyası daha da sürətlənə bilər. Bu isə Rusiyanın regiondakı mövqelərinin zəifləməsi deməkdir. Moskva da məhz buna görə İrəvana həm siyasi, həm iqtisadi təzyiq mesajları verir”.
Ekspert vurğulayıb ki, Ermənistanın hazırkı çoxvektorlu siyasəti nə Rusiya, nə də Qərb üçün tam məqbul sayılır: “Avropa İttifaqı İrəvanın Rusiyadan daha açıq şəkildə uzaqlaşmasını istəyir. Rusiya isə əksinə, Ermənistanın öz təsir dairəsində qalmasına çalışır. Ona görə də Paşinyanın indiyədək yürütməyə çalışdığı “şaxələnmiş” siyasətinin uzunmüddətli perspektivdə davam etməsi çətin görünür. Ermənistan gec-tez konkret geosiyasi seçim qarşısında qalacaq”.