“Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazası çıxarılsa, Ermənistan-Türkiyə sərhədini kimin qoruyacağı bəlli deyil. Bu, xroniki olaraq kadr çatışmazlığından əziyyət çəkən Ermənistan ordusu üçün ağır yük olardı”.
Teleqraf xəbər verir ki, bunu parlamentdəki müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan deyib.
Deputatın sözlərinə görə, bazanın gələcəyini müzakirə etməzdən əvvəl ordu müvafiq vəziyyətə gətirilməlidir: “Müvəqqəti xidmətin 18 aya endirilməsi ölkənin silahlı qüvvələrindəki vəziyyəti daha da ağırlaşıb”.
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya bazasına ciddi ehtiyacın olmadığı açıqlamasına istinad edən Manukyan bildirib ki, bu fonda yüzlərlə kilometr sərhədin açıq qalması yaxşı ssenari deyil.
Bişkekdə ŞƏT sammiti çərçivəsində Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən görüşdən sonra 102-ci bazanın gələcəyi məsələsi Moskva-İrəvan danışıqlarının gündəliyinə daxil edilib.