“Bizim tərəfdaşlarımızdan fərqli addımlar, ən azı müqavilələrdə nəzərdə tutulmuş addımlar gözlədiyimiz vaxtlar və hadisələr olub, amma bunları görməmişik. Hər şey çox nisbidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun açıqlamasını şərh edərkən deyib.
Nazirin sözlərinə görə, Ermənistan Rusiya ilə münasibətlərində gərginlik yaratmağa meylli deyil:
“Ermənistan-Rusiya münasibətlərinə hər hansı gərginlik gətirməyə meylli deyilik. Əksinə, tərəfdaşlığımızın normal şəkildə davam etməsinə çalışırıq”.
Rusiya baş nazir müavini Aleksey Overçukun Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü məsələsinin müzakirəsi ilə bağlı açıqlamasına toxunan Ararat Mirzoyan qeyd edib:
“Ermənistan belə bir müraciət və ya istək irəli sürmədiyi müddətdə ölkənin AİB-dən çıxması məsələsi müzakirə oluna bilməz. Belə bir istək bildirməmişik, buna görə də bizim təşkilatdan ayrılmağımız məsələsi müzakirə mövzusu deyil”.
“Ermənistan nə vaxt qərar verəcək” sualına xarici işlər naziri belə cavab verib: “Bu məsələni müzakirə etməyə ehtiyac yarananda. Heç bir vaxt çərçivəsi deyə bilmərəm, çünki belə bir məsələ hazırda gündəmimizdə yoxdur”.
“Ermənistan qərar verənə qədər onun AİB-də üzvlüyünün dondurulması mümkündürmü” sualınına isə onun şərhi belə olub: “Belə bir şey mümkün deyil. Bu, konsensusla qərar qəbul edilən və idarə olunan təşkilatdır. Necə belə bir şey ola bilər?”.
Xatırladaq ki, dünən Sergey Şoyqu Ermənistanın fəaliyyətlərinin Rusiya ilə müttəfiqlik münasibətlərinə uyğun gəlmədiyini bəyan etmişdi. Həmçinin o, Ermənistanın öz suverenliyini Rusiyanın sayəsində qoruduğunu bildirmişdi. Aleksey Overçuk isə Ermənistanın AİB və Avropa İttifaqı arasında seçim etməli olduğunu söyləmişdi.