Möhsün Rzayi: Hörmüz boğazının ABŞ-la heç bir əlaqəsi yoxdur

“Bundan sonra ABŞ-ın Hörmüz boğazına daxil olması bizim üçün şübhəli olacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın ali rəhbərinin hərbi müşaviri, general Möhsün Rzayi deyib.

Rzayi videomüraciətində bildirib ki, Hörmüz boğazı ilə bağlı məsələ region ölkələrinə aiddir:

“Dünyanın bütün ölkələri bu su yolundan istifadə edir. Buna görə də ABŞ-ın hansı əsasla və bəhanə ilə bu məsələyə müdaxilə etmək istədiyi aydın deyil”.

O qeyd edib ki, hətta Avropa ölkələri də ABŞ-ın Hörmüz boğazının taleyi ilə bağlı təkbaşına qərar verməsini qəbul etmir.

Möhsün Rzayi Hörmüz boğazının digər dünya boğazlarından fərqləndiyini vurğulayaraq deyib ki, boğaz körfəzin giriş hissəsidir, digər boğazlarla eyni xüsusiyyətlərə malik deyil.

“ABŞ-ın Hörmüz boğazında nə işi var və niyə ora daxil olmalıdır? Bundan sonra ABŞ-ın bu boğaza daxil olması bizim üçün şübhəli olacaq. Çünki biz müharibə şəraitində olmuşuq və hələ də həmin vəziyyətdəyik”, – deyə o əlavə edib.