Danışıqlar gələcəkdə böyük müharibənin davam etməsinin qarşısını almaq üçün bir fürsət hesab edilə bilər
Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində diplomatik proses sürətlənir. ABŞ-İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra tərəflər Pakistanın vasitəçiliyi ilə İslamabad şəhərində birbaşa danışıqlara hazırlaşır. İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm nümayəndə heyətinin yola düşəcəyini bildirib və dialoqun Şahbaz Şərifin dəvəti əsasında keçiriləcəyini qeyd edib.
Bundan əvvəl Donald Tramp hücumların müvəqqəti dayandırılmasının mümkün olduğunu açıqlamış, Tehran isə iki həftəlik atəşkəsi qəbul etmişdi. Planlaşdırılan görüş gərginliyin daha geniş münaqişəyə çevrilməsinin qarşısını almaq baxımından mühüm hesab olunur.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Pakistanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs çox mühümdür:
“Bu genişmiqyaslı müharibənin dayandırılması üçün vacib imkanlardan biri hesab edilir. Doğrudur, qarşıdakı günlərdə İslamabadda keçiriləcək görüş heç də asan olmayacaq. Çünki tərəflərin məsələyə baxışları bir-birindən ciddi şəkildə fərqlənir və ciddi ziddiyyətlər var. Bundan başqa, tərəflər hər biri öz maraqları baxımından bu sənədi izah etməyə çalışır və daha çox atəşkəsin şərtləşdirilməsi gündəmə gəlir. Bu baxımdan çox ciddi problemlər mövcuddur. Digər tərəfdən nəzərə alsaq ki, tərəflər hər biri bu danışıqlarda maraqlarını təmin etməyə çalışacaqlar. Burada çox ciddi, kritik və prinsipial məqamlar var ki, onların necə həll olunacağı damaraq doğurur. ilk növbədə İranın nüvə proqramı ilə bağlı məsələ diqqət çəkir. İran tərəfi bildirir ki, nüvə proqramı ilə bağlı müzakirələrə hazırdır. Amma uzun müddətdir nüvə proqramı ilə bağlı müzakirələr aparılsa da, böyük mənada hansısa ciddi nəticələr əldə olunduğunu demək çətindir. Bundan başqa, Amerika tərəfi üçün əsas məsələlərdən biri İranın ballistik raket potensialı ilə bağlıdır. Bunun azaldılması, eləcə də proksi qüvvələrə dəstək məsələsi kimi mövzular kifayət qədər ciddi müzakirə predmetidir”.
Analitikin sözlərinə görə, İran tərəfinin bir çox şərtlərinin Amerika tərəfindən qəbul olunması real görünmür:
“Amma hər halda, savaşdan daha pis sülh yoxdur. Bu baxımdan, müzakirələrə qədər müəyyən mesajların verilməsi də müşahidə olunur. Atəşkəsə müxtəlif yanaşmalar mövcuddur. Bir çoxları bunu Amerikanın strateji hegemonluğuna ciddi zərbə kimi dəyərləndirir və ABŞ-nin məğlubiyyəti kimi təqdim etməyə çalışır. Bu baxımdan kifayət qədər həssas bir dövrdür. Amma hər halda atəşkəsin əldə olunması, danışıqlarla bağlı razılaşmanın mümkünlüyü haqda müsbət amil kimi qiymətləndirilə bilər. Keçiriləcək görüşdə isə bütün məsələlərin həll olunacağı gözlənilmir. Çünki ziddiyyətlər kifayət qədər dərindədir. Bundan başqa, nəzərə almaq lazımdır ki, bu prosesdə Çinin rolu da diqqət çəkir və Pekinin yanaşmasının necə olacağı maraq doğurur. İranın Çinlə münasibətlərində Pekinin maraqları da nəzərə alınır. Bu baxımdan atəşkəsin əldə olunmasında Çinin rolunun xüsusi vurğulanması diqqət çəkir. Danışıqlar gələcəkdə böyük müharibənin davam etməsinin qarşısını almaq üçün bir fürsət hesab edilə bilər. Əgər tərəflər bu fürsəti düzgün dəyərləndirib qarşılıqlı güzəştlər əsasında ortaq məxrəcə gələ bilsələr, müsbət nəticə mümkündür. Amma bu, kifayət qədər problematik görünür. Çünki əsas problem tərəflərin məsələlərə baxışında və həll yollarında ciddi fərqlərin mövcud olmasıdır. Bu fərqlərin aradan qaldırılması üçün gərgin və uzunmüddətli müzakirələrə ehtiyac var”.