- "Bu dəyişiklik təkcə muxtar respublikanın deyil, Azərbaycanın bütövlükdə geosiyasi və geoiqtisadi çəkisinin artması deməkdir"
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Bu səfər təkcə yeni sosial və infrastruktur layihələrinin icrası baxımından deyil, həm də Naxçıvanın strateji rolunun daha da gücləndirilməsi, idarəetmədə yeni mərhələyə keçid və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının davamı kimi xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan hər zaman dövlət siyasətində xüsusi yer tutub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xətti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısı indiyədək muxtar respublikaya etdiyi səfərlər çərçivəsində onlarla sosial, iqtisadi və infrastruktur layihəsinin açılışında iştirak edib, bölgənin inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunub.
Tarixən Azərbaycanın dövlətçilik ənənələrinin formalaşdığı və mühüm ticarət yollarının kəsişməsində yerləşən Naxçıvan uzun illər blokada şəraitində yaşasa da, dövlətin davamlı diqqəti sayəsində inkişafını dayandırmayıb. Son illərdə həyata keçirilən genişmiqyaslı layihələr muxtar respublikanın sosial rifahını yüksəldib, nəqliyyat, enerji və sənaye infrastrukturunu müasirləşdirib, iqtisadi potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün Naxçıvanın inkişafı artıq təkcə regional siyasətin deyil, Azərbaycanın geoiqtisadi strategiyasının mühüm istiqamətlərindən biri hesab olunur.
Prezident İlham Əliyevin Naxçıvana hər səfəri yeni obyektlərin açılışı ilə yanaşı, bölgənin gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından da mühüm mesajlar verir. Hazırda Cənubi Qafqazda formalaşan yeni nəqliyyat-kommunikasiya sistemi fonunda Naxçıvanın strateji əhəmiyyəti daha da artır. Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında fasiləsiz nəqliyyat əlaqəsinin yaradılması yalnız ölkədaxili inteqrasiyanı gücləndirməyəcək, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin bir-biri ilə əlaqələndirilməsinə mühüm töhfə verəcək.
Beləliklə, uzun illər blokada şəraitində yaşayan Naxçıvan artıq yeni inkişaf mərhələsinə daxil olur. Coğrafi mövqeyi, müasir infrastrukturu və həyata keçirilən layihələr muxtar respublikanı Cənubi Qafqazın əsas logistika və iqtisadi mərkəzlərindən birinə çevirmək potensialına malikdir. Tarixən İpək Yolunun mühüm dayanacaqlarından biri olan Naxçıvanın yenidən beynəlxalq ticarət marşrutlarının əsas qovşaqlarından birinə çevrilməsi üçün real imkanlar yaranır.
Bu baxımdan TRIPP layihəsi xüsusi əhəmiyyət kəsb edir. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısını təmin etməklə yanaşı, regionda yeni logistika marşrutlarının formalaşmasına da xidmət edəcək. Bu bağlantının Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ilə inteqrasiyası Mərkəzi Asiyadan Avropaya uzanan yükdaşımaların daha səmərəli təşkilinə, yeni tranzit imkanlarının yaranmasına və Avrasiya məkanında ticarət əlaqələrinin genişlənməsinə şərait yaradacaq.
Bütün bunlar göstərir ki, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi deyil, həm də gələcəkdə regionun nəqliyyat, logistika və iqtisadi əməkdaşlıq sisteminin əsas dayaqlarından birinə çevrilmək yolundadır.

Prezident İlham Əliyevin Naxçıvana son səfərini dəyərləndirən Milli Məclisin deputatı Elnarə Kərimova Sherg.az-a bildirib ki, bu səfər muxtar respublikanın qarşısında artıq təkcə sosial-iqtisadi inkişaf deyil, həm də Azərbaycanın regiondakı geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirəcək strateji hədəflərin dayandığını bir daha nümayiş etdirib.
Deputat bildirib ki, Naxçıvanın yeni inkişaf modeli onun coğrafi mövqeyinin yaratdığı imkanların iqtisadi və siyasi üstünlüklərə çevrilməsi üzərində qurulur:
“44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyinin tam bərpası bu baxımdan Naxçıvan üçün də yeni mərhələ açdı. Uzun illər blokada şəraitində yaşayan muxtar respublika indi Türkiyə ilə birbaşa əlaqələri, İranla sərhədi və gələcəkdə Zəngəzur istiqamətində formalaşacaq bağlantıları sayəsində regional tranzit sisteminin mühüm həlqəsinə çevrilmək imkanına malikdir. Səfər zamanı nəqliyyat, enerji, sənaye, sosial infrastruktur və müdafiə sahələrində görülən işlər də vahid strategiyanın tərkib hissəsidir. Məqsəd Naxçıvanı sadəcə inkişaf edən bir regiona deyil, Azərbaycanın iqtisadi təhlükəsizliyinə, logistika imkanlarına və regional bağlantılarına töhfə verən strateji mərkəzə çevirməkdir.
Bu mənzərədə Zəngəzur dəhlizinin xüsusi əhəmiyyəti var. Onun reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirməklə yanaşı, Türkiyədən Azərbaycan üzərindən Mərkəzi Asiyaya və daha sonra Çinə uzanan marşrutların imkanlarını genişləndirə bilər. Beləliklə, Naxçıvan coğrafi baxımdan kənarda qalmış ərazi olmaqdan çıxaraq Şərqlə Qərb arasında hərəkətin mühüm qovşaqlarından birinə çevrilə bilər. Bu, həm də Azərbaycanın regional iqtisadi çəkisinin artması deməkdir. Çünki müasir dünyada nəqliyyat dəhlizlərinə nəzarət yalnız yük daşımalarının artması deyil, investisiya, ticarət, enerji və siyasi təsir imkanlarının genişlənməsi anlamına gəlir. Naxçıvanın bu sistemə daha sıx inteqrasiyası Azərbaycanın Türk dünyası ilə əlaqələrini də yeni səviyyəyə yüksəldə bilər”.
E. Kərimova bildirib ki, enerji istiqamətində görülən işlər də eyni strategiyanın başqa bir mühüm tərəfidir:
“Xüsusilə yaşıl enerji potensialının inkişaf etdirilməsi Naxçıvanın gələcəkdə həm öz enerji tələbatını təmin edən, həm də Azərbaycanın ümumi enerji sisteminə töhfə verən regionlardan birinə çevrilməsi üçün imkan yaradır. Bu isə iqtisadi inkişafla yanaşı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.
Səfərin müdafiə və təhlükəsizlik istiqaməti də xüsusi mesaj daşıyır. Naxçıvana döyüş bayrağının təqdim olunması Azərbaycanın bu strateji bölgənin təhlükəsizliyinə verdiyi əhəmiyyətin göstəricisidir. Yəni iqtisadi açılım və nəqliyyat layihələri təhlükəsizlik amilindən ayrı düşünülmür. Əksinə, güclü təhlükəsizlik mühiti Naxçıvanın iqtisadi və tranzit potensialının tam reallaşmasının əsas şərtlərindən biridir.
Prezidentin səfəri ilə ortaya qoyulan mənzərə ondan ibarətdir ki, Naxçıvanın gələcəyi artıq blokada və təcrid anlayışları ilə deyil, bağlantı, tranzit, istehsal, enerji və regional əməkdaşlıq anlayışları ilə ifadə olunacaq. Bu dəyişiklik təkcə muxtar respublikanın deyil, Azərbaycanın bütövlükdə geosiyasi və geoiqtisadi çəkisinin artması deməkdir.
Ən mühüm məsələ isə budur: Azərbaycan öz coğrafiyasını siyasi iradə və böyük infrastruktur layihələri vasitəsilə strateji üstünlüyə çevirir. Naxçıvan bu strategiyanın ən mühüm dayaqlarından biridir. Zəngəzur bağlantısının perspektivləri ilə birlikdə bu qədim Azərbaycan torpağı Türk dünyasını birləşdirən yolların üzərində daha mühüm mövqe qazana, Azərbaycanı isə Şərqlə Qərb arasında etibarlı və əvəzolunmaz nəqliyyat-logistika tərəfdaşlarından birinə çevirə bilər”.