Tokio da qərar verdi, müharibə qorxusu Yaponiyanı silahlanmaya sürükləyir
"Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda Kiyevin dronları yox idi. Ukrayna ona lazım olan dronları müharibənin ilk ilində Türkiyədən alırdı. Müharibə beşinci ilinə keçib və Ukrayna müxtəlif modifikasiyalı dron istehsalına görə dünya liderləri sırasındadır. Bundan başqa Ukrayna Rusiya dronları ilə mübarizədə böyük təcrübə qazanıb. Məhz buna görə İranın dron hücumlarına məruz qalan Körfəz ölkələri Ukraynanın bu təcrübəsindən faydalanmağa qərar veriblər".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edir. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Körfəz ölkələrinin hər birinə səfəri uğurlu olub:
"Körfəz ölkələri Ukraynadan İranın pilotsuz uçuş aparatları ilə mübarizə qabiliyyətinə malik dronlar alacaqlar.
Bu arada, dünyanın inkişaf etmiş ölkələrindən Yaponiya da Ukrayna ilə dron istehsalı sahəsində əməkdaşlıq etməyə qərar verib. ABŞ və İsrailin İrana qarşı müharibəsi göstərir ki, bahalı hava müdafiə sistemləri böyük maliyyə xərci tələb etməyən dronlara qarşı mübarizədə tam effektiv deyillər. Ona görə Yaponiya Körfəz ölkələri kimi həm dron istehsalı, həm də dronlarla mübarizə texnolgiyası sahəsində Ukrayna ilə əməkdaşlıq edəcək. Ukrayna bununla həm etibarlı tərəfdaşlar, həm də Rusiya ilə mübarizədə dron istehsalını genişləndirmək üçün maliyyə əldə edəcək".
Politoloq vurğulayır ki, ümumiyyətlə Yaxın Şərqdəki müharibələr, o cümlədən Asiya bölgəsində Çin və Şimali Koreyanın hərbi gücünü artırması Yaponiya hökumətini İkinci Dünya müharibəsindən sonra qəbul olunan sülhpərvər Konstitusiyanı dəyişdirməyə vadar edəcək:
"Hazırki Konstitusiya Yaponiyaya hərbi xərcləri artırmağı və modern hərbi texnika istehsalını qadağan edir. Ancaq dünya dəyişib və vaxtilə Tokioya sülhpərvər Konstitusiyanı qəbul etdirən Vaşinqtonun özü Tokioya hərbi qüdrətini artırmağı məsələhət bilir.
Yaponiyanın baş naziri Sanae Takaiçi Çinlə konstruktiv əlaqələrin tərəfdarı olsa da, iki ölkə arasındakı gərginliyin artmasından narahatdır. Birincisi, Tokio Çinin Tayvan adasını nəzarətə götürmək istəyinin Yaponiyanın təhlükəsizliyinə ciddi təhdid olacağı qənaətindədir. İkincisi, Çinin Yaponiya sahillərinə yaxın adalara iddialı olması, o cümlədən Çinin Rusiya ilə birgə adalar ətrafında artan hərbi təlimləri Tokionu adekvat addımlara məcbur edir. Bu arada, Sanae Takaiçi xarici kəşfiyyata şəxsən nəzarət etmək qərarına gəlib. Bu addım İranla müharibənin ön cəbhəsindən gələn böyük məlumat axını ilə əlaqədardır. Buna görə də, iki qurumun - Kəşfiyyat Katibliyinin və Milli Kəşfiyyat Şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Birincisi müxtəlif qurumlar arasında məlumatların yayılmasını əlaqələndirəcək, ikincisi isə yalnız yaxın gələcək üçün deyil, həm də orta və uzunmüddətli perspektiv üçün strategiya hazırlayacaq. Qanun layihəsinin bu ilin iyul ayında qüvvəyə minməsi planlaşdırılır. Əsas məqsəd effektiv işə mane olan idarələrarası maneələri aradan qaldırmaqdır. Əvvəllər baş nazir xarici siyasət və daxili təhlükəsizlik cəbhələrində fəaliyyətə birbaşa nəzarət edirdi. İndi isə kabinet rəhbəri həm də xarici kəşfiyyata cavabdeh olacaq".