Paşinyan Rusiyaya səfərdən imtina etdi

Moskva İrəvandan Ermənistan Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin liderlərinin görüşündə iştirak etməyəcəyi barədə rəsmi bildiriş alıb. Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat Ermənistan hökuməti başçısının AİB-in iclasında iştirak etməməsinin faciə olmadığını deyib.

“Belə hallar əvvəllər də olub, təkcə Ermənistan yox, AİB-ə üzv digər dövlətlərin nümayəndələri də müxtəlif səbəblərdən birlik orqanlarının işində iştirak etməyiblər. Bu cür hallar arzuolunan deyil, hamının can atdığı durum deyil, amma baş verir. Amma burada problem bir qədər fərqlidir. Görünür, bu, artıq sistem halını alır və başa düşdüyümüz qədər bu istiqamətdə, yəni həmin strukturun fəaliyyəti ilə bağlı istiqamətdə bu sistemi məhz Nikol Vovayeviç Paşinyan formalaşdırıb”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş naziri bundan əvvəl iyunun 7-də keçiriləcək seçkilərlə əlaqədar məzuniyyətdə olduğu üçün AİB-in sammitinə qatılmayacağını açıqlamışdı.