Paşinyanın “müharibə partiyası” tezisi Bakıya üstünlük verdi - Erməni siyasi analitik

Erməni siyasi analitik Suren Sürenyants hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “üçbaşlı müharibə partiyası” ifadəsi Azərbaycan tərəfinin mövqeyini gücləndirə biləcək siyasi arqumentə çevrilib.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, Paşinyanın seçki kampaniyası zamanı müxalifət qüvvələrini “müharibə tərəfdarı” kimi təqdim etməsi nəticəsində ölkədə yüz minlərlə seçici bu ritorikanın təsiri altında “müharibə tərəfdarı” kimi etiketlənib. Sürenyants bunu Ermənistan daxilində ciddi siyasi risk kimi qiymətləndirir.

Analitik iddia edir ki, Azərbaycan bu ritorikadan Ermənistan üzərində diplomatik və siyasi təzyiq vasitəsi kimi istifadə edə bilər. Onun fikrincə, bu vəziyyət həm də ölkə daxilində siyasi qütbləşməni dərinləşdirir və hakimiyyətin mövqeyini sərtləşdirməsinə şərait yaradır.

Sürenyants həmçinin qeyd edir ki, seçkilərdən sonra Ermənistanda siyasi gərginlik artıb, müxalifət və hakimiyyət arasında etimadsızlıq daha da dərinləşib. Onun fikrincə, bu proseslər ölkədə siyasi sistemin sabitliyi üçün əlavə risklər yaradır.