ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Maliyyə Məsələləri üzrə nazir müavini Jules J. Hurst bildirib ki, ABŞ İsrail-İran müharibəsinin indiyədək ümumi dəyəri təxminən 29 milyard dollara çatıb.
Sherg.az xəbər verir ki, Hurst bu açıqlamanı ABŞ Müdafiə naziri Pit Heqset və Baş Qərargah rəisi Dan Caine ilə birlikdə Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin Müdafiə Alt Komitəsində keçirilən iclasda verib.
Onun sözlərinə görə, əvvəlki hesablamalarda bu rəqəm 25 milyard dollar göstərilsə də, yenilənmiş qiymətləndirmələr nəticəsində məbləğ artırılıb:
“Ortaq komanda və maliyyə qrupları hesablamaları daim yeniləyir və indi bu rəqəm 29 milyard dollara daha yaxındır.”
Hurst əlavə edib ki, 4 milyard dollarlıq artımın səbəbi hərbi texnikanın təmir və yenilənmə xərclərinin yenidən hesablanması, həmçinin şəxsi heyətin əməliyyat xərcləridir.
Müdafiə naziri Pit Heqset isə Konqresdəki çıxışında ABŞ-nin regiondakı hərbi fəaliyyətinə dair planların çevik olduğunu bildirib:
“Lazım gələrsə eskalasiyanı artırmaq planımız var, lazım gələrsə geri çəkilmə planımız var. Hərbi qüvvələrin yerini dəyişdirmə planlarımız da mövcuddur.”
ABŞ mediası isə bildirir ki, İranın raket hücumları nəticəsində ABŞ bazalarında yaranan zərərin təmiri də daxil edilərsə, ümumi xərclərin 40-50 milyard dollara qədər yüksələ biləcəyi ehtimal olunur.
Hurst daha əvvəl aprel ayında Konqresdə çıxışı zamanı müharibənin dəyərini 25 milyard dollar kimi qiymətləndirmiş və bunun hələ tam ziyan hesablamalarını əhatə etmədiyini qeyd etmişdi.