“Rusiya Prezidenti Vladimir Putin heç nə olmamış kimi ölkə ərazisində beynəlxalq forumlar keçirməyə və bu tədbirlərdə əməkdaşlıq barədə nitqlər söyləməyə davam edir. Halbuki işğalçı müharibə aparan Rusiya ilə əməkdaşlıq imkanları geniş deyil”.
Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, növbəti forum iyunun 17-19 tarixində Tatarıstan paytaxtı Kazanda keçirilib:
“Bu dəfə Rusiyada ASEAN sammiti təşkil olunub. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib. Sammit keçirilərkən, Ukrayna dronları Moskvda enerji mərkəzlərinə zərbələr endirirdi. Putin sammitdəki çıxışında müharibə mövzusuna toxunmayıb. Rusiya Prezidenti Ukrayna dronlarının zərbələrini və ilhaq olunmuş Krımın yanacaq böhranı ilə üzləşməsini görməzdən gəlir.
Vladimir Putin sammitdən əvvəl Kazanda Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan bundan bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Fidan Lavrovla yanaşı, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.

Sankt-Peterburq və Kazanda keçirilən forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam izolyasiya olunmamasına dəlalət etməlidir. Kremlin məqsədi budur. Putin Kazandan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi. Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları bu şəhərin enerji mərkəzlərinə zərbələr endirirdi. Putin Kazan forumu çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya Prezidenti burada ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə qeyd edib.
Kazandakı sammit Pekinin diqqətini çəkib. Sammitdə Filippin Prezidenti Ferdinand Markos da iştirak edib, Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin-Filippin münasibətləri Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. İki ölkənin hərbi gəmiləri arasında tez-tez atışmalar olur. Təsadüfi deyil ki, Çin Filippin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və ailə üzvlərinin Çinə girişi qadağan olunub. Münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın mobil platformaların yerləşdirməsidir. Filippin hesab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır”.
Elxan Şahinoğlu əlavə edib ki, Vladimir Putinin Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər:
“Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən, Çin Rusiyadan neft-qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Bu amil də Kremlin xoşuna gəlmir. Digət yandan, Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib”.