Putinlə Paşinyan heç bir məsələdə ortaq məxrəcə gələ bilməyəcək - Politoloq

  • “Baş nazir Qərbin siyasi çətiri altında mövqelərini sığortalamaq istəyir”

Vaxtilə əməli və əfkarı bir olan Rusiya və Ermənistan hazırda ortaq maraqların toqquşduğu məsələlərdə dil tapmaqda çətinlik çəkir. Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 1-də Bişkekdə baş tutan görüşü hər iki ölkənin gündəmindən düşmür.

Görüşdən əvvəl tam qətiyyətlə Avropaya yönələn Paşinyanın Putinin cavabları qarşısında sərgilədiyi mövqe təəccüb doğurub. Putin bir daha Paşinyanı Avropa İttifaqına üzvlük istiqamətində irəliləmək və ya Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim etməyə çağırıb. Paşinyan isə belə bir qərarın verilməsi üçün münasib vaxtın çatmadığını bildirib. Qeyd edək ki, səfərin tarixi bəlli olmasa da, Paşinyanın Kremldə Putinlə görüşü baş tutacaq. Bişkek görüşündən sonra Paşinyanın Moskvaya münasibətində daha təmkinli mövqe müşahidə olunur. Baş nazir komandasına xəbərdarlıq edib ki, heç kəsin Rusiyaya qarşı danışmaq haqqı yoxdur. Bəzi ekspertlərin qənaətinə görə, Paşinyanın Rusiyaya münasibətdə sərgilədiyi yumşaq mövqe Avropaya inteqrasiya yolunda vaxt udmaq cəhdidir. Digər qisim isə Avropadan gözləntiləri doğrulmayan Paşinyanın, Rusiyanın təsir dairəsində qalmağı seçdiyini bildirir. 

Bəs bu arqumentlərin hansı həqiqətə söykənir?

Mövzu ilə bağlı politoloq Aydın Quliyev Sherg.az-a bildirib ki, prinsipal olaraq Paşinyanın Rusiyanın orbitinə yenidən qayıtmaq niyyətində olduğunu düşünmür:

“Paşinyanın Rusiyadan uzaqlaşmaq istiqamətində qurduğu siyasi xətt elə təməl ziddiyyətlərə söykənir onların  aradan qalxacağını gözləmək çətindir. Çünki Paşinyan 44 günlük müharibə və antiterror əməliyyatları zamanı Moskvanın Ermənistanın təhlükəsizlik arxitekturasını qorumadığını, hərbi-siyasi müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini açıq şəkildə üzə vurur. Bu məsələyə baxış hələ də dəyişməyib. Ermənistan-Rusiya münasibətlərində illərdir pərdəarxasında gizlənən qaranlıq məqamlar artıq tam şəkildə üzə çıxıb. Hazırda həllini tapmayan bir neçə əsas mövzu var. Bütün mübahisəli məsələlərdə həm İrəvanın, həm də Moskvanın yanaşmaları kəskin şəkildə bir-birinin əksinədir. Ermənistanın KTMT üzvlüyünə, Avrasiya İqtisadi Birliyinə, dəmir yollarına və elektrik paylayıcı şəbəkəsinə baxışı ilə Moskvanın hədəfləri qətiyyən üst-üstə düşmür. Ermənistanda nüvə texnologiyasının gələcək inkişaf proqramlarına münasibətdə də tərəflərin mövqeləri fərqlənir. Bu ziddiyyətin ən mühüm və düyün nöqtəsini Zəngəzur dəhlizi təşkil edir. Paşinyan və Putin Dəhlizin idarə olunması və onun gələcək arxitekturası üzərində nəzarətin qurulmasında tamamilə fərqli hədəflər güdürlər”. 

Politoloqun sözlərinə görə yaranan dərin siyasi böhran fonunda, Putin və Paşinyan arasında Moskva görüşünün baş tutması da çətin görünür:

“Görüş baş tutsa belə, Putin və Paşinyan qeyd etdiyim məsələlərin heç birində ortaq məxrəcə gələ bilməyəcək. Moskvaya yollanmazdan əvvəl Parisə qəfil səfər edən Paşinyan məqsədli şəkildə iti taktiki gedişə əl atıb. Bu səfər əvvəlcədən planlaşdırılmamışdı. Bişkekdə Putinlə Paşinyan arasında yaşanan qalmaqallı toqquşma ikitərəfli münasibətləri tamamilə yeni və təhlükəli müstəviyə daşıdı. Putinin amiranə tərzdə İrəvandan Avropa İttifaqına üzvlük məsələsində referendumun ləğvini və ya dayandırılmasını tələb etməsi böhranı pik həddə çatdırdı. Mövcud vəziyyətdə, İrəvanın Avropa İttifaqına inteqrasiya xəttini konkretləşdirmək üçün Paşinyanın üz tutması qaçılmaz zərurətə çevrildi. Fransa səfəri Moskvaya yollanmazdan əvvəl kritik məsələlər üzrə Qərbin siyasi çətiri altında mövqelərini sığortalamaq və Kremlə qarşı növbəti diplomatik səngər qazmaq məqsədi daşıyır”.