İnsanlıq və bəşəriyyət əleyhinə törədilən cinayətlərə görə cəzalar olduqca ağırdır
Axtarışda olan digər cinayətkarların da tapılmasının şahidi olacağıq
Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan, “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Bu şəxslər illərlə törətdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər. Qeyd edək ki, 19-20 sentyabr tarixlərində Ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq, təslim olub və özünü buraxıb.
Məlumat üçün bildirək ki, Araik Arutyunyan 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan ordusuna qarşı döyüşüb. 2010-cu ildə rəhbərlik etdiyi "Azat Ayenik" partiyası qondarma parlamentə keçirilən "seçki"lərdə 33 yerdən 14-nü qazanaraq qalib gəlib. 31 mart 2020-ci ildə qondarma respublikanın başçısı seçkilərində birinci turda 1-ci yeri tutub. 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı bir sıra təxribatlarda iştirak edib. Bütün təxribatlarının qarşısı ordumuz tərəfindən alınıb və Araik rəzil duruma düşüb.
Digər separatçı Arkadi Qukasyan 1957-ci ildə Xankəndidə anadan olub. Qondarma rejimin ikinci "prezident"i seçilib.
David İşxanyan isə 1968-ci ildə Xocavənd rayonunun Heşan kəndində doğulan David İşxanyan Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır. 1992-1995-ci illərdə Martuni batalyonlarının birinə komandirlik eləyib. 1989-cu ildən Daşnaksütyun Partiyasının üzvüdür. Onun da iştirakı ilə 1988-ci ildə Yuxarı Qarabağ erməniləri bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. 1993-cü ildə qondarma respublikanın "xarici işlər naziri" olub. Bako Saakyan da Xankəndidə doğulub. 1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulub. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. Qeyd edək ki, ötən müddət ərzində bir neçə separatçı Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Bəziləri barədə həbs-qətimkan tədbiri seçilib, digərlərinin isə sorğusu davam etdirilir. Həmin separatçılar - David Babayan, David Manukyan, Ruben Vardanyan, Levon Mnatsakanyandır. Şübhə yox ki, hamısı illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağdakı qondarma rejimin keçmiş "liderləri"nin saxlanılmasına münasibət bildirib. Rusiya XİN sözçüsü Mariya Zaxarova separatçılarla bağlı sualı belə cavablandırıb: "Həmin şəxslər Ermənistan vətəndaşlarıdır". Zaxarova onlardan birinin - Ruben Vardanyanın Rusiya vətəndaşı olduğunu, daha sonra isə vətəndaşlıqdan imtina etdiyini söyləyib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib ki, müharibə cinayətləri törətmiş əli qanlı qatillərin, separatçıların həbs olunması sevindirici hadisədir. Ekspertin sözlərinə görə, əməliyyatlar hüquq-mühafizə orqanlarının, Dövlət Təhlükəsizlik Xidmətinin uğurudur:

"Bundan sonra axtarışda olan digər cinayətkarların da tapılmasının şahidi olacağıq. Müharibə dövründə Gəncə düşmən tərəfindən üç dəfə raket atəşinə məruz qalıb. Bu hücumların arxasında separatçı rejimin "rəhbərliyinin" durduğu danılmaz faktdır. Separatçı Araik Arutyunyan özü etiraf edirdi ki, raketlərin atılması əmirini o verib. Şəhərlərimizə raket atılmasının, mülki şəxslərin qətlə yetirilməsinin Azərbaycana xəbərdarlıq məqsədi ilə edildiyini deyirdi. Uzaq şəhərləri də raketlərlə vurmaqla təhdid edirdi. Bu, etirafdır və insanlıq əleyhinə törədilmiş cinayətin tərkib hissəsidir. Müharibənin aparılması qanunları var. Savaş gedən bölgədə, yaxud uzaqdakı şəhərlərdə mülki şəxslərin hədəf seçilməsi qadağandır. Ancaq ermənilər uzaqmənzilli raketlərdən istifadə etməklə məqsədli şəkildə mülki şəxsləri hədəf seçirdilər. Ona görə də Araikin cəzası çox ağır olacaq".
Ç.Qənizadə vurğulayıb ki, ümumiyyətlə, insanlıq və bəşəriyyət əleyhinə törədilən cinayətlərə görə cəzalar olduqca ağırdır: "Azərbaycan qanunvericiliyində də çox sərt cəzalar nəzərdə tutulur. Məhkəmə hakimiyyəti müstəqildir, biz onun işinə müdaxilə edə bilmərik. Ancaq saxlanılan separatçılar qatı cinayətkarlardır. Ümid edirəm, tezliklə hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti cinayət işinin istintaqını yekunlaşdıraraq baxılması üçün məhkəmələrə göndərəcək. Məhkəmələr də separatçılara layiq olduqları cəzaları verəcək".
Millət vəkili Sahib Aliyev də bildirib ki, Ruben Vardanyanın ardından Qarabağdakı hərbi xuntanın başında durmuş trionun, "general" rütbəsi daşıyan "miuatsumçu"ların Bakıya gətirilməsi çox mühüm və qürurvericidir:

"Böyük imkanları olmasına baxmayaraq, bu ünsürlərdən heç biri Qarabağdan çıxa bilməyiblər. Xankəndidə, Ağdərədə, Xocavənddə arxivlərin necə yandırıldığından xəbərdarıq. Sənədlər yana bilər, ancaq əlyazmaların yanmadığı haqda deyim var axı. Sənədlər yansa da, bu xuntabaşılardan bizi maraqlandıran məsələlərlə bağlı yetərincə bilgi əldə ediləcək. Beynəlxalq səviyyəli dələduz R.Vardanyana gəldikdə, o, təkcə milyardlar qazandığı ölkənin deyil, milyardlar yuduğu ölkələrin də siyasi istebleşmentində korrupsiyaya qurşanmışlarla çox sıx əməkdaşlıq edib. Həmin şəxslərin sızmasını arzulamadıqları xeyli informasiyalar var. Həmin informasiyalar bizim işimizə çox yarayacaq. Vardanyan tutulan kimi USAİD-in rəhbəri Samanta Pauer Bakıda boş yerə peyda olmayıb. Qukasyan, Saakyan və Araik Arutyunyanın tutulub Bakıya gətirilmələrindən sonra əlləri azərbaycanlıların qanına batmış Robert Köçəryanla Serj Sərkisyanın da məhkəmə qarşısında cavab verəcəklərinə inanıram".