İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından keçir
"Burada görəcəyimiz ən vacib iş beynəlxalq təşkilatlar və xarici ölkələr vasitəsi ilə İrəvana
təzyiqlərin artırılmasına nail olmaqdır. Məqsədimizə nail olmaq üçün çalışmalıyıq ki,
Ermənistan həqiqi mina xəritələrini Azərbaycana təhvil versin"
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Laçın şəhərindən otuz il əvvəl məcburi köçkün düşən və respublikanın müxtəlif yerlərində
müvəqqəti məskunlaşan həmvətənlərimizin doğma yurda qayıdışa hazırlanması barədə Prezident
İlham Əliyevin verdiyi tapşırığın icrasına başlanıb. Bu məqsədlə avqustun 16-da Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onların bir qrupu ilə görüş keçirilib.
Dövlət Komitəsindən verilən məlumata görə, iclas zamanı torpaqların işğaldan azad edilməsi uğrunda
şəhid olanların xatirəsi ehtiramla yad edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun erməni faşizmi üzərində qələbəsi nəticəsində
düşmənin bir güllə atmadan tərk etdiyi Laçın şəhərində qanunsuz məskunlaşdırılmış ermənilərin
bu ərazidən çıxarılması dövlətimizin gücünün, qüdrətinin növbəti nümayişi kimi dəyərləndirilib.
Qanunsuz məskunlaşdıqları yerlərdən çıxarkən ermənilərin evləri və meşə sahələrini yandıraraq,
yenidən vandalizm törətməsi qətiyyətlə pislənilib. Laçınlılar məcburi köçkünlük dövründə onlara
hərtərəfli dövlət qayğısı göstərildiyini bildirərək, həm buna görə, həm də ata-baba torpaqlarına
qayıtmaq arzularını gerçəkləşdirdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıq bildiriblər.
Birinci vitse-prezident Mehriban Əliyevanın köçkünlüklə bağlı problemlərin həlli üçün gördüyü
işlər dərin razılıq hissi ilə qeyd edilib. Dövlət Komitəsinin Böyük Qayıdışa hazırlıq məqsədilə
həyata keçirdiyi tədbirlər barəsində görüş iştirakçılarına ətraflı məlumat verilib. Bir daha diqqətə
çatdırılıb ki, məcburi köçkünlüyü başa çatan vətəndaşların könüllü, təhlükəsiz şəraitdə və
ləyaqətlə doğma yurda qayıdışını təmin etmək üçün dövlətimizin başçısının tapşırığı ilə bütün
lazımi tədbirlər həyata keçirilir. Görüşdə qayıdışa hazırlıq və köçürülmənin təşkili ilə bağlı açıq
və səmimi fikir mübadiləsi aparılıb. Laçınlılar doğma yurda qayıdıb, onun sosial-iqtisadi
inkişafına, işğalın fəsadlarının aradan qaldırılmasına töhfə verməyə, dağlar qoynundakı şəhəri
dirçəltməyə hazır olduqlarını bildiriblər. Tədbir iştirakçıları Laçına qayıdış xəbərini sevinclə
qarşıladıqlarını və tezliklə qayıdacaqlarına ümidvar olduqlarına bildiriblər.
Şübhəsiz, Qarabağa Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad
edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılmasından keçir. Lakin düşmən
ölkənin hərbi quldur dəstələrinin 30 il müddətində Qarabağı mina və partlamamış sursat
məzarlığına çevirməsi məcburi köçkünlərin öz yurdlarına dönüşünü ciddi surətdə əngəlləyir.
İrimiqyaslı layihələrin sürətlə gerçəkləşdirilməsinə mane olur. Əlbəttə, Azərbaycanın işğaldan
azad edilmiş ərazisində hazırda Milli Minatəmizləmə Agentliyi və Türkiyə hərbi istehkamçıları,
ermənilər yaşayan hissədə isə Rusiya Müdafiə Nazirliyi minatəmizləmə işlərini sürətlə davam
etdirirlər. Bu prosesin uğurla aparılması Qarabağda kommunikasiyaların bərpa edilməsinə və
quruculuq işlərinə daha geniş meydan açır. Ərazilərin minalardan daha tez təmizlənməsi isə
müvafiq xəritələrdən istifadə edilməsindən asılıdır. Ermənistan iki ilə yaxındır verdiyi vədlərə
əməl etmir. Rəsmi Bakı beynəlxalq qurumlarda regional məsələlərə dair görüşlərdə rəsmi
İrəvandan minaladığı ərazilərin xəritəsini verməsini tələb edir. Qarşı tərəf isə bu istiqamətdə
üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Torpaqlarımızın böyük bir hissəsi Ermənistan
silahlılarından təmizlənsə də, onların basdırdıqları minaların dəqiq xəritələrini verməmələri hələ
də işğalçı siyasətin davam etdiyini deməyə əsas verir. Təəssüf ki, Azərbaycan dövləti
torpaqlarının işğal altında qaldığı müddət ərzində üzləşdiyi ədalətsizliklərlə yenə qarşılaşır.
Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yürütdüyü gizli müharibə və terror
siyasətini görməzlikdən gəlir.
2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 7
hərbi qulluqçu, 32 mülki şəxs həlak olub. Baş Prokurorluğun məlumatına əsasən, mina
partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
2 il ərzində Ermənistanın apardığı səssiz müharibə nəticəsində Azərbaycanın 39 vətəndaşı
həyatını itirib, 184 vətəndaşı isə yaralanıb. Bu, qeyri-döyüş şəraitində Azərbaycana böyük
maddi-mənəvi zərbədir. Sayın belə çox olması sübut edir ki, Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinin böyük hissəsi minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını
tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Rəsmi İrəvan bu davranışı ilə
demokratik prinsiplərə, beynəlxalq hüquqa hörmətsizlik etdiyini göstərir. Diqqətə çatdıraq ki,
ərazilərin minalardan təmizlənməsi və Azərbaycanla Ermənistan arasında əlaqələrin qurulmasına
vasitəçilik edənlərdən biri də Rusiyadır. Ermənistan hökumətinin başçısı minalardan təmizlənmə
məsələsində əməkdaşlıq etməməklə Rusiya və onun başçısının beynəlxalq imicinə də zərbə
vurur. Habelə Avropa İttifaqı, ABŞ-ın sülhyaratma, əməkdaşlıqla bağlı çağırışları qulaqardına
vurulur. Xatırladaq ki, daha iki hərbçimiz - Vüqar Süleymanov və Heydər Gülmalıyev Laçında
minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Minatəmizləmə Agentliyi (ANAMA)
işğaldan azad edilmiş ərazilərdə avqustun 15-dən 20-dək 379 mina aşkarlandığını deyib.
Onlardan 239-u piyada əleyhinə, 140-ı tank əleyhinə minadır. Digər 125 isə partlamamış hərbi
sursatlardır. Ümumilikdə, son günlərdə 562 hektar ərazinin mina və PHS-lərdən təmizləndiyi
açıqlanıb.
Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, ötən iki il ərzində Azərbaycan hökuməti
işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində maksimum
dərəcədə fəaliyyət icra edib. Deputatın sözlərinə görə, qısa zamanda ANAMA-nın strukturu
genişləndirilib:
“Bir çox dövlət qurumu minaların təmizlənməsi istiqamətində ciddi addımlar
atır, səylər göstərirlər. Azərbaycan beynəlxalq qurumlar müstəvisində də daim minalanmış
ərazilərlə bağlı problemi qaldırır. Ermənistana təzyiq göstərilməsi üçün addımlar atılır. Burada
görəcəyimiz ən vacib iş beynəlxalq təşkilatlar və xarici ölkələr vasitəsi ilə İrəvana təzyiqlərin
artırılmasına nail olmaqdır. Məqsədimizə nail olmaq üçün çalışmalıyıq ki, Ermənistan həqiqi
mina xəritələrini Azərbaycana təhvil versin. Əlbəttə, sadəcə dövlətimiz deyil, bütün qurumlar,
QHT-lər, bütün ictimaiyyət də bu istiqamətdə çalışmalı, prosesə öz töhfələrini verməlidirlər. Bu
çox önəmli məsələdir. Ərazilərimizin minalardan təmizlənməsi və bölgənin təhlükəsizliyinin tam
təmin olunması bizim üçün çox əhəmiyyətlidir. Çünki bu məsələ Böyük Qayıdışın daha sürətlə
həyata keçirilməsinə mane olan amillərdəndir. Problemi aradan qaldırmaq üçün bacardığımızı
etməliyik və bunun da əsas yolu Ermənistana təzyiqlərə və reallığı əks etdirən xəritələrin
alınmasına nail olmaqdır”.