Qərbi Azərbaycan məsələsinə beynəlxalq dəstək lazımdır

Ondan sonra Ermənistan da dialoq qurmağa məcbur olacaq


  
Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb. İcmanın bəyanatında vurğulanıb ki, Ermənistan hələ də barışıq çağırışlarına cavab verməyib. Bildirilib ki, Ermənistan tərəfinin məzmunlu dialoqda iştirak etməkdən yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur. Qərbi Azərbaycan İcması qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğunu açıqlayıb: "Qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımız beynəlxalq mexanizm çərçivəsində təmin edilməlidir". Bununla yanaşı, vurğulanıb ki, beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarına edilən vurğunun artması və Ermənistandan qovulmuş azərbaycanlıların evlərinə sarsılmaz qayıtmaq istəyi İcmanın qayıdış hüququ istiqamətində səylərini artırmağa ruhlandırır: "Eyni zamanda qeyd etməliyik ki, insan hüquqlarına əsaslanan sözügedən məramımızın həyata keçirilməsi böyük ölçüdə beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyindən asılıdır. Biz qayıdış hüququmuza dövlətlər və təşkilatlar tərəfindən verilən dəstəyi yüksək qiymətləndiririk".

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, Qərbi Azərbaycan mövzusu Azərbaycanın xarici siyasətində prioritet məsələyə çevrilib. Ekspertin fikrincə, məsələ hər zaman gündəmdə olsa da, 44 günlük müharibədən sonra daha aktif mərhələyə qədəm qoyub: "Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına geri qayıtması, indiki Ermənistan ərazisində tarixi Azərbaycan məskənlərinin və adlarının bərpası çox aktual məsələdir. Qərbi Azərbaycan İcması son aylarda bu istiqamətdə çox fəal işlər görməkdədir. İcma davamlı olaraq beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır. Sadəcə, ölkə daxilində deyil, xarici müstəvidə də ciddi fəaliyyət sərgiləyir. Amma Avropa qurumlarında, ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda daim iştirak edən bir hüquq müdafiəçisi kimi deyirəm ki, bu istiqamətdə daha genişmiqyaslı çalışmalar lazımdır. Hazırda AŞ PA-nın yaz sessiyası keçirilir. Çox istərdim ki, Qərbi Azərbaycan İcmasının nümayəndələri də bu mühüm toplantıda iştirak etsinlər. Həm özlərini tanıtsınlar, həm də fikirlərini, tələblərini dilə gətirsinlər. Belə platformalarda iştirak çox önəmli məsələdir. Təbii ki, hər addımı Azərbaycan dövlətindən və rəhbərliyindən gözləmək, görüləcək bütün işləri dövlətin öhdəsinə buraxmaq doğru yanaşma deyil. O baxımdan İcmadan daha güclü fəaliyyət gözləyirik. Əlbəttə, bizim üzərimizə düşən nədirsə, onu da tam həyata keçirməyə hazırıq. Qarabağ məsələsinə necə yanaşırdıqsa, Qərbi azərbaycanlıların öz torpaqlarına geri dönüş prosesinə də o cür baxmalıyıq".
 
 Ə.Şahidov vurğulayıb ki, Ermənistanın İcmanın dialoq və görüş çağırışlarını cavabsız qoyması göstərir ki, İrəvan belə təmaslara hazır deyil: 

"Ermənistan dövləti və cəmiyyəti hələ də 44 günlük müharibənin şokundan ayılmayıb. Hələ də revanş və qisas düşüncəsi ilə yaşayanlar, bu istiqamətdə hərəkət edənlər var. Ona görə də Qərbi Azərbaycan məsələsinə aqressiv yanaşır, bunu özləri üçün ciddi "təhlükə" kimi görürlər. Genişmiqyaslı fəaliyyətə və bir az da zamana ehtiyac var. İlk növbədə erməni cəmiyyətini razı salmalı, ya da məcbur etməliyik. Beynəlxalq qurumlar və media ilə düzgün iş siyasəti qurulmalıdır. Mümkün qədər İrəvana təzyiq göstərilməsinə də nail olmalıyıq. Azərbaycanlıların haqlı mövqeyinə böyük beynəlxalq dəstək qazanmaq lazımdır. Ondan sonra Ermənistan da dialoq qurmağa məcbur olacaq".