"Onun İranda bir qəpiklik hörməti yoxdur. İran xalqı onu xain sülalənin nümayəndəsi kimi qəbul edir. O, ABŞ və İsrailin maşası olmaqla, islam dünyasına xəyanət edib"
Fevralın 28-də ABŞ və İsrailin İranı raket yağışına boğması Yaxın Şərqi müharibə diyarına çevirdi. Qısa müddət ərzində İran həm İsrail istiqamətində, həm də ABŞ-nin regiondakı hərbi mövcudluğuna qarşı hücumlara başladığını açıqladı. İran ordusu tarixdə ilk dəfədir ki, ABŞ-nin hərbi bazalarının mövcud olduğu bütün qonşu ölkələrə zərbələr endirir. Hadisələrin dönüş nöqtəsi isə İranın ali dini lideri Əli Xameneinin öldürülməsi xəbəri oldu. Rəsmi Tehran hücumları ilk vaxtlar suverenliyin pozulmasına qarşı adekvat cavab kimi dəyərləndirirdisə, Əli Xameneinin öldürülməsindən sonra suyun rəngi dəyişdi. İran qisas bayrağını qaldıraraq, ali rəhbərin intiqamını alanadək hərbi əməliyyatları davam etdirəcəklərini bildirdi. Ölkə daxilində isə vəziyyət bir qədər fərqlidir. Bir tərəfdə ali liderin ölümünə sevinən insanlar digər tərəfdə isə qisas çağırışları ilə ədalət tələb edən xalq dayanır. Proseslərin necə nəticələnəcəyi ilə bağlı suallar isə hər kəsin düşüncəsində əsas yer tutur.
Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az-la fikirlərini bölüşdü:
- Zərdüşt müəllim, bilirsiniz ki, İran, ABŞ və İsrail arasında münasibətlər kritik mərhələyə qədəm qoyub. Hadisələrə münasibətinizi bilmək istərdik.
- İsrail və ABŞ İrana hücum etməklə beynəlxalq hüququ pozdu. Onlar bu əməllə terrorçu dövlət olduqlarını sübut etdilər. Müharibədə itkilər olur. Əli Xamenei dəfələrlə ölkəsi naminə həyatından keçməyə hazır olduğunu bildirmişdi. O, din xadimi kimi ABŞ və İsrailin təhdidlərindən heç vaxt qorxmayıb. İranda ən böyük qüsur kəşfiyyat xidmətinin zəif olmasıdır. Ölkənin yüksək və aşağı dairələrində düşmən qüvvələr gizli şəkildə fəaliyyət göstərirlər. Onların satqınlığına əsasən Xameneinin yeri təsbit edilərək bombalandı. İsrail onun öldürülməsindən sonra rejimin devrilməsinə ümid bəsləyirdi.
Ancaq milyonlarla insan düşmənin amansız zərbələrinə qarşı küçələrə axışaraq, Xamenei üçün 40 günlük matəm elan etdilər. İran ordusu qisas əməliyyatları çərçivəsində ABŞ-nin hərbi bazalarına raket yağışını gücləndirdi.
- İddialara görə, Əli Xamenei səhhətində yaranmış ciddi problemlər səbəbilə hərbi hücumlardan əvvəl vəfat edib. Sonradan ölüm faktının İsrail və ABŞ tərəfindən həyata keçirilən zərbələrin nəticəsi kimi təqdim edildiyi bildirilir. Məsələ ilə bağlı nə düşünürsünüz?
- Xeyr, bunlar boş söhbətdir. Xamenei, ankaloji xəstə olsa da müharibədən 2 gün əvvəl böyük auditoriya qarşısında çıxış etmişdi. O, düşmənin işğalçı siyasətini tənqid edərək, ABŞ-nin məğlubiyyətlə qarşılaşacağını bildirmişdi. Amerikanın hərdəmxəyal prezidenti Donald Tramp və İsrailin cani Baş naziri Netanyahunun yalan bəyanatlarına inanmasaq, həqiqətən də müharibənin Vaşinqtonun xeyrinə getmədiyini görə bilərik. İran müqavimət oxunu qırmasa, uzağı 15 gündən sonra ABŞ və İsrailin imkanları tükənəcək.
- Yəni deyirsiniz, müharibə qısa çəkəcək?
- Ötən il müharibə 12 gün davam etmişdi. Münaqişənin 10-cu günündə İsrail ABŞ-dən müharibənin dayandırılmasını xahiş etdi. Çünki İsrailin Hava Hücumundan Müdafiə Sistemi (HHMS) raketlərə tab gətirə bilmirdi. İndi də eyni ssenari təkrarlanacaq. Bu dəfə İran ordusu ABŞ-nin Yaxın Şərq ölkələrindəki bazalarını bombalamaqdan çəkinmədi. ABŞ helə müharibənin ilk çağında böyük itkilər verib. Digər tərəfdən isə Vaşinqtonun HHMS-ni yarmağa qadir raketlərinin sayı məhduddur. İranın isə əsas zərbə gücü məhz raket proqramıdır. Hətta ölkə ilk dəfə istənilən HHM sistemini yara bilən “Fəttah” adlı raketini düşmən mövqelərinə göndərdi. Deyilənə görə, Tehranın 10.000 dən çox raketi var. Hələ ki, rəsmi Tehran ən müasir raketləri işə salmıyıb. Müharibə uzansa, İsrail xarabalığa dönə bilər.
- Müharibə ölkələrin iqtisadiyyatına necə təsir göstərə bilər?
- Rəsmi Tehran Hörmüz boğazını bağlayıb. Xeyli gəmi hərəkət edə bilmir. Çünki sığorta şirkətləri onların heç birinə "sığorta zəmanəti" vermir. Eyni zamanda şənbə-bazar günlərində neftin qiyməti 10 faiz qalxdı. Müharibənin davam etməsi neftin qiymətinin bahalaşmasına səbəb olacaq. Amerikalılar bu məsələyə sərt reaksiya verə bilərlər. Neft bahalaşdıqca, Trampın hörməti enməyə başlayacaq.
- Bilirsiniz ki, Xameneinin 4 oğlu İranda yüksək vəzifədədir. Sizcə, onlardan hansı ali rəhbər olmağa uyğun namizəddir?
- Əli Xamenei öldükdən sonra “Müvəqqəti şura” yaradıldı. Şura 40 gün ərzində ali rəhbərin səlahiyyətinlərini icra edəcək. İranda ən yüksək dini-siyasi vəzifə olan Ali Rəhbəri müəyyən edən və nəzarətdə saxlayan “Məclisi Xuruqan” adlı qurum var. 88 nəfərdən ibarət müctəhidlər, xalqın səsinə əsasən yeni rəhbər seçəcəklər. Xamenenin 4 oğlundan yalnız Möctaba siyasətlə məşğul olur. Lakin o, ölkədə dini nüfuza malik sima kimi tanınmayıb. Fikrimcə, Xameneinin oğullarından heç biri ali rəhbər seçilməyəcək. Namizəd kimi İranın keşmiş prezidenti Həsən Ruhaninin də adı çəkilir. O, barışcıl mövqedə dayanması ilə seçilir. Xameneinin qətlindən sonra inanmıram ki, sülhpərvər Ruhanini rəhbər təyin etsinlər. İstisna deyil ki, ABŞ və İsrail yeni rəhbəri də öldürsün. Ancaq hər kəsin yerini başqa bir rəhbərlə əvəz etmək asandır. Molla rejim artıq möhkəmliyini sübut edib.
- Müharibə fonunda devrilmiş şahın oğlu Rza Pəhləvi də fəallaşmağa başlayıb. Hətta ABŞ-də yaşayan bəzi iranlılar şah rejiminin bayraqlarını qaldıraraq, dəstəklərini ifadə edirlər.
- Rza Pəhləvi meymun kimi atılıb-düşsə də, İranda heç vaxt hakimiyyətə gələ bilməyəcək. Onun İranda bir qəpiklik hörməti yoxdur. İran xalqı onu xain sülalənin nümayəndəsi kimi qəbul edir. O, ABŞ və İsrailin maşası olmaqla, islam dünyasına xəyanət edib.
- İran Xamneinin ölümündən sonra qisas bayrağını qaldırıb. Hətta ordu, Xamneinin intiqamını alana qədər, hərbi əməliyyatlara davam edəcəyini bildirir. Proseslərin sonunu necə proqnozlaşdırırsınız?
- İqtisadi göstəricilərin ağırlığı ilə yanaşı müharibənin doğurduğu fəlakətlər İran xalqı üçün dözülməzdir. Lakin xalq ordu ilə birlikdə düşmənə qarşı mübarizə aparmağa çalışır. Yadınızdadırsa, sovet ordusu İkinci Dünya Müharibəsi zamanı dörd il ərzində böyük çətinliklər yaşasa da, sonda qalib tərəflərdən biri oldu. Bu gün də İran cəmiyyətində müəyyən kəsim müharibənin çətinliklərinə baxmayaraq, qalib gələcəklərinə ümid bəsləyir.