Sabir Rüstəmxanlı Türkiyə seriallarının Azərbaycan türkcəsinə dublyajını yanlış sayır

  • Xalq şairinin mövqenin yanlış təqdim olunması və bunun əsasında ayrı-ayrı ziyalıların fikirlərinin öyrənilməsi əslində diqqəti əsas məsələdən yayındırmağa xidmət edir

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində çıxış edən Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyə istehsalı film və serialların Azərbaycan türkcəsinə dublyaj olunaraq efirə verilməsinin yanlış olduğunu deyib.

VHP-nin icitamiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, S.Rüstəmxanlı çıxışı zamanı türk dünyasının ən böyük gücünün onun ortaq mənəvi dəyərləri, zəngin mədəni irsi və sərhəd tanımayan birlik ruhu olduğunu deyib. Vurğulayıb ki, məhz bu prinsiplərə əsaslanaraq istər məişət, istər elm, istərsə də digər bütün sahələrdə türk birliyi və türk vahidliyi ideyasının təbliği davam etdirilməlidir. Bu baxımdan Sabir Rüstəmxanlı Türk dövlətlərinin televiziya kanallarında bir-birilərinin filmlərinin, tamaşalarının, musiqilərinin və rəqslərinin daha geniş şəkildə nümayiş etdirilməsinin vacibliyini qeyd edib. O, çıxışında eyni zamanda Türkiyə istehsalı olan filmlərin Azərbaycan telekanallarında dublyaj olunaraq təqdim edilməsinə etirazını da ifadə edib. S.Rüstəmxanlının etirazı bütün türk dövlətlərinin filmlərinin deyil, yalnız Türkiyə filmlərinin Azərbaycan türkcəsinə dublyaj edilərək yayınlanmasına qarşıdır. Məsələnin mahiyyəti bundan ibarətdir ki, bu gün Azərbaycanda Türkiyə türkcəsi geniş şəkildə başa düşülür. Sabir Rüstəmxanlının etiraz etdiyi məqam da məhz bu reallıqdır. Mövqenin yanlış təqdim olunması və bunun əsasında ayrı-ayrı ziyalıların fikirlərinin öyrənilməsi əslində diqqəti əsas məsələdən yayındırmağa xidmət edir. Ortaq türk əlifbası və ortaq türk dili istiqamətində görülən işlər artıq zamanın tələbidir və bu istiqamətdə mühüm addımlar atılmaqdadır.

Türk dilləri arasındakı fərqləri, xüsusilə də Mərkəzi Asiya xalqlarının dilləri ilə Azərbaycan türkcəsi arasındakı incə məqamları ən yaxşı bilən ziyalılardan biri məhz Sabir Rüstəmxanlıdır. Belə olan halda, onun bütün Türk dövlətlərinin filmlərinin dublyajsız nümayişini təklif etdiyini iddia etmək əsassız və məntiqsiz yanaşmadır. VHP bu kimi həssas məsələlərdə icitmaiyyətə daha diqqətli olmağı məsləhət görür.