Türkiyədə CHP daxilindəki rəhbərlik böhranı fonunda Özgür Özəlin “2 milyon üzv səs versin, başqanı onlar seçsin” təklifinə Kamal Kılıçdaroğlu tərəfdarlarından ilk reaksiya verilib.
Sherg.az-ın məlumatına görə, CHP Partiya Məclisinin üzvü Müslim Sarı bildirib ki, Kılıçdaroğlu tərəfi daha əvvəl qurultayın keçirilməsi və yol xəritəsinin müəyyənləşdirilməsi ilə bağlı dialoq çağırışı edib, lakin bu təkliflər qəbul olunmayıb.
Onun sözlərinə görə, bundan sonrakı açıqlamalar siyasi polemika xarakteri daşıyır: “Doğru zamanda qurultayın keçirilməsi və yol xəritəsinin müəyyənləşdirilməsi ilə bağlı bütün dialoq qapıları bağlanmışdı. Bundan sonrasını siyasi mübahisə kimi qiymətləndiririk”.
Bu arada CHP rəhbərliyinin iyunun 1-də 56 nəfərlə Partiya Məclisinin iclasını keçirməsi gözlənilir. Həmin iclasda yeni Mərkəzi İdarə Heyətinin formalaşdırılması və partiyadaxili idarəetmə məsələlərinin müzakirə olunacağı bildirilir.