Sülh müqaviləsinə hazırlıq gedirmi? - REAKSİYA

Kreml Azərbaycan-Ermənistan dialoqunu nəzarətdə saxlamaq istəyir

  "Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına hazırlıq gedir". Bunu “Rusiya” sərgi-forumu çərçivəsində Bilik Cəmiyyətinin marafonunda çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətləri nizamlamaq üçün Azərbaycan və Rusiya ilə təmas saxlayır və hazırda sülh müqaviləsinə hazırlıq gedir: "Rusiya Prezidenti Vladimir Putin, o cümlədən rəsmilər Ermənistanın Baş naziri Nikol Paşinyanı ona görə ittiham edirlər ki, o, nəyə görə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb?". 

  Politoloq Elxan Şahinoğlu Sherg.az deyib ki, Kreml Azərbaycan-Ermənistan dialoqunu nəzarətdə saxlamaq istəyir. Analitik sual edir ki, sülh sazişi necə hazırlanır ki, prosesdə irəliləyiş yoxdur: 

"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin iddiasına görə, Ermənistan Baş naziri Nikol Paşinyan Qərbin təzyiqi ilə Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Patruşevin və onun şefinin sözlərindən belə çıxır ki, Nikol Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımaqla səhvə yol verib. Kremldə oturanlar bununla açıq-aşkar deyirlər ki, gərək Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayaydı, bu halda Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etməyəcəkdi. Paşinyan Kremlin əmrini ona görə yerinə yetirmədi ki, əks halda Ermənistanın ərazisini itirəcəkdi. Paşinyan İkinci Qarabağ müharibəsindən sonra növbəti dəfə riskə getmədi və Qarabağdan imtina etmək məcburiyyətində qaldı. Kremldən olsaydı, Qarabağda separatizm və Azərbaycan torpaqlarının işğalı davam etməliydi. Azərbaycan və Ermənistan vasitəçi olmadan bir-birilərinə təkliflərini göndərirlər və bu prosesin də sonu görünmür".