- Qafar Çaxmaqlı: “Ermənistanda hakimiyyət dəyişsə, Azərbaycana qarşı iddialar yenidən gündəmə gələ bilər”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Nyu-Yorkda görüş keçiriblər. Görüşdə iqtisadi və nəqliyyat əlaqələrinin açılması, eləcə də birbaşa dialoqun davam etdirilməsi müzakirə olunub .
Nazirlərin görüşünü Sherg.az-a şərh edən Türkiyənin Erciyes Universitetinin (Kayseri) professoru, ermənişünas-alim Qafar Çaxmaqlı xarici işlər nazirləri arasında keçirilən birbaşa görüşlərin mühüm əhəmiyyət daşıdığını deyib.
Professorun sözlərinə görə, bu cür görüşlərin davamlı xarakter alması Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun möhkəmlənməsindən xəbər verir:
“Bu, onu göstərir ki, Bakı ilə İrəvan arasında hər hansı vasitəçinin iştirakı olmadan aparılan birbaşa danışıqlar daha effektiv nəticələr verə bilər.
Nyu-York görüşündə tərəflər birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. Görüşün nəticələri göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar prosesi davam etdirilir. Lakin Azərbaycanın irəli sürdüyü müəyyən şərtlər var. Bunlardan biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, digəri isə Ermənistan ərazisində yerləşən anklavların Azərbaycana qaytarılmasıdır. Hesab edirəm ki, bu şərtlər mütləq yerinə yetirilməlidir. Nyu-York görüşündə tərəflərin bu məsələləri də müzakirə etdiyini ehtimal etmək olar. Bilirsiniz ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiya fəaliyyət göstərir. Komissiyanın işi son zamanlar müəyyən səbəblərdən dayanmışdı. Hazırda isə prosesin davam etdirilməsi, xüsusilə Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi gündəmdədir.
Kərki ərazisi ermənilər tərəfindən Tiqranaşen adlandırılır və Azərbaycanın Sədərək rayonuna bitişik ərazidə yerləşir. Bu ərazinin Azərbaycana qaytarılması məsələsi hazırda müzakirə olunur. Əskipara və digər anklavlarla bağlı məsələlər də gündəmdədir.

Eyni zamanda, Azərbaycan ərazisində yerləşən və ermənilərin Artsvaşen adlandırdığı Başkəndlə bağlı məsələ də müzakirə olunur. Bildiyimə görə, Ermənistan Kərkini Başkəndlə dəyişdirmək variantını irəli sürür. Lakin bu, qəbul edilə bilməz. Çünki Kərki ilə Başkəndin strateji əhəmiyyəti eyni deyil.
Kərkinin Azərbaycana qaytarılması Ermənistanın Zəngəzur bölgəsinə gedən əsas yolunun bağlanması deməkdir. Bu halda Ermənistan dağlıq relyef şəraitində böyük vəsait hesabına yeni yol inşa etməli olacaq. Ermənistanın məsələyə ərazi mübadiləsi formatında yanaşmağa çalışmasının səbəbi də budur.
Digər anklavlarla, o cümlədən Qazax rayonunun hazırda Ermənistan ərazisində qalan kəndləri ilə bağlı məsələlərin də danışıqların predmeti olduğu görünür.
Bütün bunlarla yanaşı, əsas məsələ sülh sazişinin imzalanmasıdır. Ermənistan hələ konstitusiya dəyişikliyinə getməyib. Ermənistan parlamentində bunun üçün tələb olunan konstitusiya çoxluğu da formalaşmayıb. Hazırda 64 deputatdan ibarət çoxluq var, halbuki konstitusiya dəyişikliyi üçün 70 səs tələb olunur".
Q. Çaxmaqlı hesab edir ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsinin gizli səsverməyə çıxarılması variantı istisna deyil. Onun sözlərinə görə, belə bir halda müxalifətdən olan bəzi deputatların da konstitusiya dəyişikliyini dəstəkləməsi mümkündür:
"Hazırda sülh prosesinin tam yekunlaşması üçün əsas şərtlərdən biri Azərbaycanın tələblərinin yerinə yetirilməsidir. Çünki gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə və revanşist qüvvələr hakimiyyətə gələrsə, Azərbaycana qarşı ərazi iddialarının yenidən gündəmə gətirilməsi və münaqişənin davam etdirilməsi riski yarana bilər.
Bu baxımdan Azərbaycan Ermənistanın həmin şərtləri yerinə yetirməsində maraqlıdır. Ermənistan rəhbərliyi də müəyyən siqnallar verir. Lakin məsələ hələ tam həllini tapmayıb.
Odur ki, sülh sazişinin yaxın tarixlərdə imzalanması real görünmür. Bununla belə, gələcəkdə sazişin imzalanması üçün imkanlar qalır.
Əslində, sülh Ermənistan üçün daha böyük əhəmiyyət daşıyır. Azərbaycan da sülh prosesinin davam etdirilməsində maraqlıdır. Lakin Ermənistanın bu istiqamətdə daha çox siyasi iradə nümayiş etdirməsi vacibdir. Ermənistanın “real Ermənistan” yanaşmasını qəbul etməsi də bu baxımdan əhəmiyyətlidir. Prosesin nəticələnməsi böyük ölçüdə Ermənistanın bundan sonra tutacağı mövqedən asılı olacaq".
Alimin fikrincə digər mühüm məsələ Azərbaycan və Ermənistan arasında müzakirə olunan TRIPP layihəsi, yəni Zəngəzur dəhlizinin açılması ilə bağlıdır:
"Azərbaycan tərəfindən bu istiqamətdə işlərin 95 faizi həyata keçirilib. Naxçıvana gedən dəmir yolu və kommunikasiya xətləri mövcuddur. Naxçıvandan Bəhrəmtəpəyə, oradan isə Qarsa qədər uzanan Culfa-Qars dəmir yolu və digər kommunikasiya xətlərinin inşası istiqamətində də işlər görülür. Gələn ilin ilk rübündə bu işlərin də başa çatmasını görə bilərik.
Ermənistan tərəfində isə hələlik ciddi irəliləyiş müşahidə olunmur. Ermənistanda hesab edilir ki, layihə üçün investisiyanı ABŞ qoyacaq. TRIPP layihəsində ABŞ-ın payının 74 faiz, Ermənistanın payının isə 26 faiz olduğu bildirilir. Bildiyimə görə, bu məsələ ilə bağlı artıq bir şirkət də yaradılıb. Lakin həmin şirkətin fəaliyyəti hələlik ciddi şəkildə nəzərə çarpmır. Şirkətin fəaliyyətə nə zaman başlayacağı və layihənin həyata keçirilməsi üçün tələb olunan şərtlərin nə vaxt yerinə yetiriləcəyi ilə bağlı müəyyən suallar qalır.
Hesab edirəm ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında gələcək görüşlərdə bu məsələlər də müzakirə olunacaq. Azərbaycan və Ermənistan arasında mövcud sülh şəraitinin qorunub saxlanılması vacibdir. Ermənistan üçün də bunun alternativi yoxdur.
Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın Qərbə açılması baxımından da əhəmiyyətli ola bilər. Türkiyə də bu prosesin nəticəsini gözləyir. Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması məsələsi də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə birbaşa bağlıdır".