“Terrorsüz Türkiyə” qanunu: Baxçalı “Vaxt itirməyə imkanımız yoxdur” dedi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdə qəbul edilən “Terrorsüz Türkiyə” qanunu ilə bağlı açıqlama yayıb.

Sherg.az-ın məlumatına görə, Baxçalı bildirib ki, qanunun qəbulundan sonra hüquqi və inzibati proseslər mümkün qədər qısa müddətdə həyata keçirilməlidir:

“Vaxt itirməyə imkanımız yoxdur. Qanunun qüvvəyə minməsindən sonra nəzərdə tutulan hüquqi və inzibati proseslər ən qısa müddətdə həyata keçirilməlidir”.

MHP liderinin sözlərinə görə, “Terrorsüz Türkiyə” yalnız silahlı terrorçuların zərərsizləşdirilməsi deyil, həm də terrorun yenidən meydana çıxmasına şərait yaradan siyasi, sosial və geosiyasi zəminin aradan qaldırılmasını nəzərdə tutur.

Baxçalı vurğulayıb ki, Türkiyənin ərazi bütövlüyü, milli suverenliyi və dövlət quruluşu heç bir müzakirənin predmeti ola bilməz.

O, qəbul edilən qanunun PKK və onunla əlaqəli strukturların fəaliyyətinin tamamilə dayandırılması, silahların təhvil verilməsi və təşkilati idarəetmə imkanlarının aradan qaldırılmasından sonra hüquqi mexanizmlərin işə salınmasını nəzərdə tutduğunu bildirib.

MHP sədri hesab edir ki, “Terrorsüz Türkiyə” hədəfi ölkənin gələcək inkişafının əsas şərtlərindən biridir. Onun sözlərinə görə, terrorun tamamilə aradan qaldırılması xüsusilə uzun illər terrorun təsiri altında qalan bölgələrdə investisiya, istehsal, kənd təsərrüfatı, turizm, təhsil və məşğulluq imkanlarının genişlənməsinə şərait yaradacaq.

Baxçalı sonda bildirib: “Türkiyənin istiqaməti bəllidir.”