ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində paylaşacağı yazılara əvvəlcədən baxış imkanı təqdim edən ödənişli xidmət tətbiq etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, sosial şəbəkə paylaşımlarını ictimaiyyətə açıqlanmamışdan əvvəl oxumaq imkanı bir sıra şirkətlər və media qurumları tərəfindən artıq kommersiya məqsədilə təqdim olunur. Lakin agentlik qeyd edir ki, "Truth Social" təkcə xəbərləri paylaşmır, həm də gündəmi formalaşdıran platformalardan biri hesab olunur.
Bildirilir ki, Donald Trampın paylaşımları maliyyə bazarlarına birbaşa təsir göstərə bilər. ABŞ prezidenti tez-tez hərbi münaqişələr, gömrük rüsumları və digər mühüm siyasi-iqtisadi məsələlərlə bağlı fikirlərini məhz bu platformada açıqlayır.
"Associated Press"in məlumatına görə, sözügedən təşəbbüs Trampa əlavə gəlir qazandıra bilər. Bununla yanaşı, belə bir praktikanın insayder məlumatlarının ticarəti kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi ilə bağlı hüquqi müzakirələr də gündəmə gəlib.
Agentlik əlavə edib ki, Ağ Ev administrasiyası bu təşəbbüsün hüquqşünaslar tərəfindən təsdiqlənib-təsdiqlənməməsi ilə bağlı sualı cavablandırmayıb.