- "44 günlük Zəfərdən sonra Mərkəzi Asiyada oyanış başladı"
“Türk dövlətlərinin birgə beyin mərkəzlərinin yaradılmasına, bütün sferaları əhatə edəcək dərin təhlillərin aparılmasına ehtiyac var. Analitik təhlillər mövcud problemlərlə bərabər, gözlənilən təhlükələrin müəyyən edilməsinə və qarşısının alınmasına istiqamətlənməlidir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli söyləyib. Birlik sədri qeyd edib ki, hazırkı gedişat dünyada çox fərqli bir proseslərin yaşandığını göstərir:
- Bu gün geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir.Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğıstana səfəri zamanı səsləndirdiyi fikirlər, həmçinin Qırğıstanın dövlət başçısı Sadır Japarovun sərgilədiyi mövqe Türk dövlətləri arasında strateji əməkdaşlığın dərinləşməsindən xəbər verir. Məlum məsələdir ki, Cənubi Qafqazın əsas aparıcı dövləti olan Azərbaycan Türk dünyasının inkişafına hər zaman töhfəsini verib, strateji dəstəyini ortaya qoyub. 2020-ci ilin noyabr ayında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəsindən sonra Mərkəzi Asiya Respublikarında isə oyanış prosesi başladı. Bu tarixi zərurətdən yaranan müsbət tendensiyadır.
Dünyanın qaynar çağında formalaşan Türk dövlətləri arasında belə əməkdaşlıq inkişafa, sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir. Rusiya kimi, böyük, dağıdıcı imperiyanın dağılma ərəfəsində Türk Dövlətləri Təşkilatının güclənməsi mahiyyəti o qədər bəlli, niyyəti xoş olmayan bəzi qüvvələrin bu, coğrafiyaya gəlişinin qarşısını alar. Digər tərəfdən Türk dövlətlərinin suverenliyinə, müstəqilliyinə qarşı yönələ biləcək təhdidləri aradan qaldırmaqla bərabər, bu ölkələrin dünya çapında öz strateji mövqeyini qorumağa imkan yaradar. Bu isə Türk dövlətlərinin birgə beyin mərkəzlərinin yaradılmasına, bütün sferaları əhatə edəcək dərin təhlillərin aparılmasına ehtiyac olduğunu təsdiqləyir.