"Ortaq mədəniyyət, milli-mənəvi dəyərlər və humanitar bağlar TDT çərçivəsində yeni əməkdaşlıq modelinin sosial dayağına çevrilir"
“Prezident İlham Əliyevin Qazaxıstana işgüzar səfəri həm Azərbaycan-Qazaxıstan münasibətləri, həm də Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın gələcək perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin Qazaxıstana işgüzar səfərini şərh edən Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Hikmət Babaoğlu deyib. 
Deputatın sözlərinə görə, Qazaxıstan-Azərbaycan münasibətləri həm siyasi, həm də strateji müstəvidə yüksək səviyyədə etimad nümayiş etdirir: “Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanır. Bildiyiniz kimi, Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə çoxşaxəli siyasi-iqtisadi əməkdaşlıq xəttini ardıcıl şəkildə inkişaf etdirir. Rəsmi Bakının bu istiqamətdəki siyasəti uzunmüddətli strateji konsepsiyaya əsaslanır və regionlararası əlaqələrin sistemli şəkildə qurulmasına xidmət edir. Onu da deyim ki, yeni dünya siyasi nizamında Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının birgə inkişafı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində reallaşır”.
Ölkə başçısının Qazaxıstana Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün səfər etdiyini xatırladan deputat TDT-yə üzv ölkələrin qeyri-rəsmi Zirvə görüşünün həm region, həm də bütövlükdə qlobal dünya üçün mühüm və perspektivli platforma olduğunu bildirib: “Hazırkı geosiyasi reallıqlar fonunda bu səfəri strateji edən əsas amil TDT-nin artıq ortaq maraqlar əsasında koordinasiya olunan siyasi platformaya çevrilməsidir. Formalaşmaqda olan yeni dünya düzənində TDT-yə üzv ölkələrin təhlükəsizliyi, iqtisadi inteqrasiyası və qarşılıqlı mənəvi bağlarının gücləndirilməsi xüsusi aktuallıq kəsb edir. Dünyada baş verən proseslər göstərir ki, hazırda əsas prioritet hərbi-siyasi təhlükəsizlik məsələsidir. Yaxın Şərqdə və Şərqi Avropada davam edən müharibələr fonunda Orta Asiyanın Avropaya çıxışı və Avropa iqtisadiyyatına inteqrasiyası da vacib məsələyə çevrilib. Orta Asiyanın yalnız Çin iqtisadi təsir dairəsində qalması birtərəfli iqtisadi model formalaşdıra bilər. Bu baxımdan Zəngəzur dəhlizi Orta Asiya üçün alternativ və strateji Avropaya çıxış marşrutu hesab olunur”.
H. Babaoğlu qeyd edib ki, bütün bunlarla yanaşı, hazırda türk dünyasında yeni intibah mərhələsi müşahidə olunur: “Tarixin müxtəlif dövrlərində dünya siyasətində mühüm rol oynayan türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır. Türk dünyasının ortaq mədəniyyəti, milli-mənəvi dəyərləri və humanitar bağları TDT çərçivəsində yeni əməkdaşlıq modelinin sosial dayağına çevrilir. Bu proses gələcəkdə qlobal dəyərlər sisteminə də yeni töhfələr verə bilər”.