- “Ən vacib məsələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır”
- “Zəngəzur dəhlizi açılmadan sərhəd məsələsində tam irəliləyiş mümkün deyil”
Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən panel müzakirəsində deyib. O bildirib ki, hazırda Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir.
N. Paşinyan qeyd edib ki, layihənin reallaşdırılması nəticəsində Ermənistanın dəmir yolu əlaqələri genişlənəcək: "Əvvəla, biz Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin yaradılmasını səbirsizliklə gözləyirik. Ümumilikdə bu, beynəlxalq logistikanı dəyişəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək".
Türkoloq –alim Faiq Ələkbərli Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan–Türkiyə sərhədinin açılması istiqamətində real irəliləyiş üçün İrəvanın həm Ankara, həm də Bakı ilə mövcud problemləri həll etməsi vacibdir. Onun sözlərinə görə, Paşinyanın sərhədin açılmasına dair gözləntisi Ermənistanın regional nəqliyyat layihələrindən və yeni kommunikasiya imkanlarından yararlanmaq istəyini göstərir. Lakin sərhədin tam açılması bir sıra siyasi və hüquqi məsələlərin həllindən asılıdır:

“Ən vacib məsələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Digər mühüm məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası da tam başa çatdırılmalıdır. Çünki Azərbaycanın bəzi kəndlərinin əraziləri hazırda Ermənistanın nəzarətindədir. Bu kəndlərin və həmin ərazilərin hüquqi statusu ilə bağlı məsələlər də həll olunmalıdır”.
Alim qeyd edib ki, Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması və yeni konstitusiyanın qəbul edilməsi də proses baxımından mühüm amillərdəndir:
“Ermənistanın Türkiyə ilə bağlı problemləri sırasında isə qondarma “soyqırımı” məsələsi və ərazi iddiaları xüsusi yer tutur. Yalnız bütün bu problemlər aradan qaldırıldıqdan sonra Türkiyə–Ermənistan sərhədinin tam şəkildə açılması real görünür”.
Faiq Ələkbərli hesab edir ki, sərhədin açılması və dəmir yolu əlaqələrinin bərpası Ermənistan üçün də ciddi iqtisadi imkanlar yarada bilər:
“Yeni nəqliyyat marşrutlarının formalaşması region ölkələri ilə yanaşı, Ermənistanın da iqtisadi və logistika imkanlarını genişləndirə bilər. Ermənistan daxilində müəyyən siyasi qüvvələrin Azərbaycan və Türkiyəyə qarşı mövqeləri prosesə təsir edən amillərdən biri olaraq qalır. Ermənistan hökumətinin son dövrdə atdığı bəzi addımların ölkədə siyasi yanaşmaların dəyişdiyini göstərir. Azərbaycan və Türkiyə ilə mövcud məsələlərin mərhələli şəkildə həlli təmin olunarsa, Ermənistan–Türkiyə sərhədinin açılması istiqamətində də real nəticələrin əldə edilməsi mümkündür”.