Tusk Avropada hərbi eskalasiya riskinin artdığını bildirib

Polşanın Baş naziri Donald Tusk Baltikyanı ölkələrdə pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin sayının artmasının Avropada hərbi münaqişə təhlükəsini real etdiyini bildirib.

Sherg.az xəbər verir ki, Tuskun sözlərini "Polsat News" telekanalı yayıb.

“Bu müharibə fonunda baş verən hadisələrlə bağlı yüzlərlə fərqli şərh irəli sürülə bilər - istər Ukraynaya, istərsə də Rusiyaya məxsus pilotsuz uçuş aparatı olsun. Ancaq bir məsələ dəqiqdir: bu müharibə digər sərhədlərlə bağlı təhlükələri həqiqətən real edir”, - deyə Tusk vurğulayıb.

Baş nazir qeyd edib ki, son günlər Baltikyanı dövlətlərin öz təqsirləri olmadan xaos vəziyyəti ilə üzləşə biləcəyinə dair məlumatların yayılması onu təəccübləndirmir.

“Biz ən pis ssenaridən yayınmaq istəyirik. Lakin mən reallığa göz yuman və heç nə baş vermirmiş kimi davranan siyasətçilərdən deyiləm”, - Polşa hökumətinin başçısı əlavə edib.

Mart ayının sonlarından etibarən pilotsuz uçuş aparatları dəfələrlə Latviya, Litva və Estoniya hava məkanını pozub. Məlumata görə, Moskva bununla bağlı Baltikyanı ölkələrə xüsusi xəbərdarlıq göndərib.