Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüşün təşkili ilə bağlı hələlik konkret razılaşma yoxdur.
Sherg.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə bir görüşün keçirilməsi daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın telefon danışığının yekunları əsasında müzakirə olunub.
Peskov qeyd edib ki, görüşün yaxın perspektivdə keçirilməsi ehtimalı müzakirə edilib, lakin hazırda bununla bağlı əlavə konkret məlumat yoxdur.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ABŞ-ın Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin texniki səviyyədə üçtərəfli görüşünü Birləşmiş Ərəb Əmirliklərində keçirməyi təklif etdiyini açıqlamışdı.
Kremlin nümayəndəsi həmçinin Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ səfərinin nəticələri barədə danışmaq üçün hələ tez olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər, lakin hazırda belə əməkdaşlıq mövcud deyil.