"Təhlillər göstərir ki, qəzalara əsas səbəb sürət həddinin aşılmasıdır" - Nəqliyyat eksperti 

 Sumqayıt şəhərində  “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu, 1 mülki şəxs həyatını itirib. Yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki,  ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölkə ərazisində baş verən və insan ölümü ilə nəticələnən dəhşətli qəzalarla bağlı Sherg.az-a danışan Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı  qəzaların baş vermə səbəblərinin müxtəlif olduğunu deyib. Ekspertin sözlərinə görə, hər bir hadisə ayrı-ayrılıqda təhlil olunmalıdır:


“Ağır yol- nəqliyyat hadisələri ilə bağlı aparılan  təhlillər göstərir ki, əsas səbəb sürət həddinin aşılmasıdır. Eyni zamanda ötmə və manevr qaydalarının pozulması, sürücülərin əks istiqamətli yola çıxması və yolayrıcının keçilməsi qaydaları da  da əsas səbəblərə aiddir”.

Baş verən yol nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinə gəldikdə isə E. Muradlı deyib ki, qəzalarda ölüm sayının çox olması, bir maşında olan 4-5 nəfərin həyatını itirməsi xeyli düşündürücü və narahatlıq doğuracaq qədər ciddi problemdir:

“Ola bilsin ki, avtomobilin texniki parametrlərinin zəif olması kütləvi ölüm hallarına səbəb olur. Saz vəziyyətdə, təhlükəsizlik elementləri yüksək olan  avtomobil qəzaya uğrasa, maşında olan  sərnişinlərin dünyasını dəyişmə riski az olar. Avtomobilə ciddi zərər dəysə belə, sərnişinlər yüngül və ya nisbətən ağır xəsarətlərlə xilas ola bilirlər. Təhlükəsizlik elementləri normal vəziyyətdə olmayan avtomobillər qəzaya düşdükdə, ölüm riski artır. Xüsusən də, təhlükəsizlik kəmərindən istifadə sürücü və sərnişinin həyatı üçün mühüm faktordur. Kəmər 70-80 faiz qəzalarda ölümdən xilas imkanı yaradır”.
 
Son zamanlar ölkədə baş verən ağır yol qəzalarının artdığını təəssüflə qeyd edən E. Muradlı hesab edir ki, çoxsaylı insan tələfatına səbəb olan bu cür hadisələrin səbəbləri dərindən araşdırılmalı və təbliğat məqsədi ilə ictimaiyyətə açıqlanmalıdır ki, yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan insanlar nəticə çıxarsınlar.