Sadaxlı kəndində yerli ermənilər və azərbaycanlılar arasında qarşıdurma baş verib (FOTO)


Bu gün Marneuli rayonunun Sadaxlı kəndində bir qrup yerli ermənilər və azərbaycanlılar arasında qarşıdurma baş verib.

24News.ge xəbər portalının hadisə yerindəki əməkdaşına yerli sakinlərin verdiyi məlumata görə, Sadaxlı kənd polis idarəsində işləyən yerli etnik erməni polis əməkdaşının övladı, avtomobillə kəndin mərkəzində toplaşan bir qrup sakinlərin yaxınlığına sürərək avtomobillə müxtəlif manevirlər edib, sonra isə orta barmağı ilə sakinlərə qeyri etik işarələr göstərib. Hadisədən hiddətlənən Sadaxlı kəndinin bir qrup sakini sözügedən şəxsi saxlayıb və aralarında mübahisə yaranıb sonra isə mübahisə fiziki qarşıdurmaya çevrilib.

Məlumata görə, hazırda Sadaxlı kənd sakinləri kənd ərazisində toplaşaraq sözügedən şəxsin valideyni, polis əməkdaşının işdən azad olunmasını tələb edirlər.

Sözügedən məsələ ilə bağlı Sadaxlı kəndinin bələdiyyə deputatı, Rövşən İsgəndərovla əlaqə saxladıq. R. İsgəndərovun verdiyi məlumata görə, hazırda kənddə vəziyyət nəzarət altındadır və məsələ ilə bağlı artıq polis tərəfindən istintaq başladılıb. O qeyd etdi ki, hec bir narahatçılığıa ehtiyac yoxdur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kvemo-Kartli üzrə mətbuat xidməti bu barədə bizə yaxın saatlarda məlumat verəcəklərini bildirdilər.