Qubada yeniyetmələr qəsdən torpaq sahələrini yandırıb

Onlar bəzən düzgün olmayan ailə rejimində böyüdükləri üçün çox aqressiv və problemli olurlar

Qubada qəsdən torpaq ərazilərini yandıran yeniyetmələr saxlanılıb. Cari il sentyabrın 19-da və 20-də Quba rayonunun Dəlləkli kəndi ərazisində kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın hadisələri baş verib, yanğınsöndürmə briqadaları və polis əməkdaşları tərəfindən yanğınların qarşısı alınıb. Yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılıb.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan 3 yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf edib, peşman olduqlarını bildiriblər. Qeyd edək ki, yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün   yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər. Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.

Yeniyetmələrimizin qeyri-etik hərəkətlərinə münasibət bildirən psixoloq Zeynəb Eyyubova "Şərq"ə açıqlamasında bildirib ki, belə davranışların bir çox səbəbi var. Psixoloq əlavə edib ki, yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə doğru bir keçid dövrü olaraq qəbul edilir:

"İnsanlar inkişafın heç bir dövründə bu qədər sıx qarışıqlıq və problemlərlə qarşılaşmır. Bu səbəbdən yeniyetməlik dövrünü bir xaos - üsyan dövrü olaraq da adlandıra bilərik. Həmin dövrdə onlar bəzən diqqət çəkmək üçün belə yollara əl atırlar. Çox zaman onlar düzgün olmayan ailə rejimində böyüdükləri üçün çox aqressiv və problemli olurlar. Hətta onlarda baxımsızlıq və davranış pozuntuları formalaşır. Bəzən qruplaşmalarda olan uşaqlar sırf adrenalin yaşamaq üçün belə qanunsuz əməllər törədirlər. Yəni hər bir hadisəyə individual yanaşmaq lazımdır".
Aynurə Pənahqızı