İstanbulda qanlı olay! - Çeçenlər indi də Türkiyədə "at oynadır"

Kriminal aləmin qarşıdurmasında bir azərbaycanlı öldürülüb

Türkiyədə azərbaycanlı avtoritetlərin də iştirakı ilə silahlı insident törədilib. Hadisə İstanbulun Başakşehir səmtində baş verib. Azərbaycanlılar və çeçenlərin arasında silahlı qarşıdurma zamanı 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı bildirilir. Hadisə nəticəsində bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Polis artıq araşdırmalara başlayıb, 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, ölən azərbaycanlının kriminal aləmdə “Naxçıvanlı Baba” kimi tanınan peşəkar idmançı olduğu bildirilir. Yaralanan azərbaycanlı isə “Fuad Sumqayıtlı” kimi tanınan Fuad Hacıyevdir.

Hər iki şəxsin mərhum Rövşən Lənkəranskinin yaxın tərəfdarları olduğu bildirilir. Hadisənin kriminal mübahisə nəticəsində baş verdiyi qeyd olunur.

Hadisəyə münasibət bildirən Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov "Şərq"ə açıqlamasında həmin adamların cinayət aləminin iştirakçıları olduğunu dedi:

"Çeçenistanın indiki Prezidenti Ramzan Kadırov dövləti elə bir günə salıb ki, onlar çeçen olduqlarını belə unudublar. Kadırov xalqını ruslara necə satdısa, indi onlar mənəviyyatsız bir xalq kimi tanınırlar. Halbuki, əvvəllər bütün Qafqaz xalqları arasında çeçenlərin böyük hörməti var idi. 
İllər öncə Azərbaycanla çeçen xalqı arasında güclü dostluq münasibətləri var idi. Hələ 90-cı illərin əvvəlindən sonuna kimi onlar gəlib buralarda evlər tutub ailələri ilə yaşayırdılar. 

Azərbaycanlılarla münaqişələrinə gəlincə isə yəqin ki, onlar cinayət aləminin oyunlarında iştirak edən şəxslərdir. 

Hazırda Türkiyə nəinki türkdilli xalqlar, həmçinin, digər xalqlar üçün də yaşamaq üçün çox rahatdır. İndi Türkiyədə çox sayda çeçen var. Görünür, onlar orada bizimkilərlə qarşılaşıb, kriminal mübahisə zəmnində insident baş verib".